Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Prezident o tənqidləri ilə məmurlara demək istədi ki, ay acgözlər...” – Tural Abbaslı

Reklam: Sinerji Pro

“Suyun qiymətinin artmasını gündəmdən çıxarmaq üçün heç kəs komandasının böyük hissəsini tənqid etməz”.

Bu sözləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin AzTV-yə müsahibəsində bir sıra yüksək dövlət məmurlarını sərt tənqid etməsinə münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, prezidentin bu çıxışı heç bir halda suyun qiymətinin artırılması ilə bağlı müzakirələri gündəmdən çıxarmaq anlamına gəlməməlidir:

“İdda edirlər ki, prezident suyun bahalaşmasının gündəmdən düşməsi üçün belə bir çıxış edib. Mən belə düşünmürəm. Prezident iqtidar komandasındakı məmurların 60 faizindən çoxunu tənqid etdi. Suyun qiymətinin artmasını gündəmdən çıxarmaq üçün heç kəs komandasının böyük hissəsini tənqid etməz.

İlham Əliyev səsləndirdiyi tənqidlərində tam haqlı idi. Adları çəkilən məmurların Bakıda və Azərbaycanın digər rayonlarında hansı oyunlardan çıxdıqlarını xalq bilir. Nəhəng ərazilərin hasarlanmasını da, oğurluqları da görür.

Prezident bu tənqidlərilə bir daha göstərdi ki, ölkədə baş verənlərdən xəbərdardır. O, məmurların tanış “taktika”larının Şuşa üçün də planlaşdırıldığını, Şuşanın de-fakto daxildəki acgözlər tərəfindən işğalı uğrunda mübarizə getdiyini aşkara çıxardı.

Eyni zamanda, prezident bütün bunları ictimailəşdirməklə, xalqdan dəstəyinə güvəndiyini nümayiş etdirdi. Yəni ictimai dəstəyi təmin edən prezident islahatları daha rahat şəkildə apara bilər.

Prezident çıxışında vurğuladı ki, Şuşa cəmi 300 hektar ərazidə yerləşir. Demək istədi ki, ay acgözlər, şəhərin ərazisi cəmi 300 hektardır, bura sizin üçün Bakı və ya digər yerlər deyil”.

Partiya sədri qeyd edib ki, prezidentin bu tənqidlərindən sonra o məmurların hamısının vəzifədən uzaqlaşdırılması çox arzuolunandır:

“O məmurlarla bağlı cinayət işləri açılmalıdır. Prezident özü də bildirdi ki, orada qanunsuzluq, özbaşınalıq olmayacaq. Bu o deməkdir ki, prezident digər ərazilərdə məmurlar tərəfindən qanunsuzluğa, özbaşınalığa yol verildiyini bilir.

Ona görə də hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyətə başlamalıdırlar. Ancaq proqnozlaşdırmaq olmur ki, prezidentin o çıxışından sonra kimlərsə işdən çıxarılacaq, ya yox”.

Qarabağda bərpa-quruculuq işlərinin necə aparılacağı haqda isə Tural Abbaslı bunları deyib:

“Prezidentin çıxışından bəlli oldu ki, hakimiyyətin Qarabağın bərpası üzrə konkret planı var. Bu, müsbət haldır. İstərdim ki, prosesdə xalqın iştirakı bu və ya digər formada təmin olunsun. Xalq bu prosesdən kənarda saxlanılmamalıdır.

İşğaldan azad edilmiş ərazilərin bərpasını ümumxalq iməcliyinə çevirmək lazımdır. Hər şəxs o işlərdə özünün payını, əziyyətini görmək istəyər”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

571