!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezident onları istefa verməyə çağırdı”

!Reklam – Yazi
?
?

“Onlar siyasi kurslarını dəyişməli və istefa verməlidirlər”

Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev AzVision.az-a müsahibəsində prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışını dəyərləndirib.

– Azay müəllim, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirildi. Müşavirədə ölkə başçısı demək olar ki, son illərin ən sərt çıxışını etdi. Müşavirədə səslənən fikirləri necə şərh edərdiniz?

– Hesab edirəm ki, Prezident İlham Əliyev iclasdakı çıxışı ilə Azərbaycanın qarşıdakı 5-10 il üçün proqramını açıqlamış oldu. Bu, hər bir şeyi öz adı ilə çağıran, Azərbaycanın qətiyyətli və barışmaz mövqeyini ortaya qoyan, bir çox məsələlərdə ölkənin milli maraqlarını müdafiə edən konseptual, strateji, proqram xarakterli bir çıxış idi.

– Ölkə başçısının çıxışı sizin də qeyd etdiyini kimi proqram xarakterli idi. Bu çıxışda bir çox tezizslər verildi. Xüsusilə Azərbaycanın Avropa ilə gələcək əməkdaşlığı ilə bağlı. Bu tezislərdə nələr qeyd olunurdu?

– Birinci, Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə tam şəkildə aydınlıq gətirdi. Çox haqlı olaraq vurğuladı ki, Azərbaycan Avropa qurumları ilə inteqrasiya yox, ölkənin milli maraqlarına uyğun olan bir siyasi, iqtisadi əməkdaşlıq qurmalıdır. Yəni, Avropa qurumları birmənalı şəkildə Azərbaycana hörmət etməli, ölkəmizin milli maraqlarını nəzərə almalıdırlar. Xüsusilə Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmaması səbəbini bir daha qeyd etdi və bildirdi ki, bu sazişin imzalanması Azərbaycanın milli maraqlarına uyğun deyildi.

Azərbaycanın maraqlarına uyğun olmayan addım isə heç vaxt atılmayacaq. Bu bütün dövlət qurumları, deputatlar, ictimai-siyasi xadimlər üçün Avropa qurumları ilə işləmək baxımından verilən açıq və aydın tezislər idi. Əminəm ki, hər kəs gələcək işlərini məhz bu tezislər əsasında quracaq.

İkinci, bu gün Avropa İttifaqının həyata keçirdiyi siyasət bir çox hallarda ayrı-ayrı dövlətlərin təhqir olunmasına, alçaldılmasına səbəb olur. Çünki, burada açıq şəkildə bir neçə ölkənin dominantlığı, öz siyasətini diqtə etmə istəyi var. Xüsusilə Prezident Yunanıstan misalında çox haqlı olaraq qeyd etdi ki, hazırda bu dövlətin defolt vəziyyətinə salınması, alçaldılması digər dövlətlər üçün bir siqnal olmalıdır. Yəni, əsas mesaj bu idi ki, Avropa qurumlarına inteqrasiya etmədən də yaşaya bilərik. Necə ki, Avropa Şurasına üzv olmamışdan öncə sərbəst şəkildə dövlət quruculuğu prosesini həyata keçirirdik, iqtisadiyyatımızı inkişaf etdirirdik.

Azərbaycan Avropa Şurasına ona görə üzv oldu ki, bu qurumdan Dağlıq Qarabağ probleminin həllinə dəstək alsın. Təssüflər olsun ki, bu gün Azərbaycan bu dəstəyi ala bilmir. Ona görə ölkə başçısı bu qurumu haqlı olaraq problemin həllinə dəstək verməməkdə ittiham etdi.

Prezident xüsusilə vurğuladı ki, Avropa Şurasının qəbul etdiyi son qətnamə qərəzli, Azərbaycana təzyiq və basqı etmək naminə qəbul edilib. Ölkə başçısı bu fikri söyləməkdə tam olaraq haqlı idi ki, necə ola bilər Avropa Şurası Parlament Assambleyası gələn sifariş əsasında Dağlıq Qarabağla bağlı əvvəlki hesabatında qeyd olunan hissəni dəyişdirdi? Hesab edirəm ki, qətnamədəki “Azərbaycan torpaqları işğal altındadır” fikrininin riyakarcasına “Dağlıq Qarabağ münaqişəsi mövcuddur” kimi əvəzlənməsi anti-Azərbaycan mövqeyidir. Bu bir daha göstərdi ki, ölkə başçısı istənilən qurumla, dövlətlə, birliklə yalnız o vaxt əməkdaşlıq edəcək ki, bu əməkdaşlıq Azərbaycana xeyir gətirsin. Yəni, birtərəfli şəkildə əməkdaşlıq ola bilməz.

– Prezident çıxışında Azərbaycanın iqtisadiyyatı ilə bağlı göstəriciləri açıqladı. Bununla bağlı nə deyə bilərsiniz?

– Çox sevindirici haldır ki, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin azalması fonunda Azərbaycan iqtisadiyyatı son 6 ayda 5.7 faiz artıb. Hesab edirəm ki, bu çox böyük bir göstəricidir. Digər bir məsələ ölkəyə son 6 ayda 12,7 milyard manat sərmayə qoyulmasıdır. Bu sərmayənin böyük bir hissəsi xaricidir. Xarici sərmayə yalnız o ölkəyə qoyulur ki, həmin ölkənin iqtisadi rəqabətlilik indeksi çox yüksəkdir, ictimai-siyasi sabitlikdir. Yəni, investorlar əmindirlər ki, onların qoyduqları vəsait itməyəcək, hər hansı fors-major stiuasiyanını qurbanı olmayacaq. Bu da çox mühüm bir məsələdir. Digər bir məsələ birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yerinin açılmasıdır. Bu da çox mühüm bir məsələdir. Ünvanlı sosial yardım alan əhalinin 20 faiz azalması o deməkdir ki, bu istiqamətdə aparılan islahatlar özünü doğruldur.

– Ölkə başçısı çıxışında ordu quruculuğu ilə bağlı çox mühüm məqamlara da toxundu.

– Cənab prezident çıxışında son dövrlər Azərbaycanın iqtisadi qüdrəti hesabına hərbi sahəyə ayrılan vəsaitlərin məqsədyönlü şəkildə xərclənməsini, xüsusilə Xəzər dənizində ən böyük hərbi bazalardan birinin Azərbaycan tərəfindən yaradılmasını qeyd etdi. Eyni zamanda prezident təəssüflə bildirdi ki, indi beynəlxalq hüquq sistemində “kim güclüdürsə, o haqlıdır” prinsipi daha çox işləkdir. Vurğuladı ki, məhz buna görə Azərbaycan ordusu güclü olmalıdır və hər bir stiuasiyaya hazır olmalıdır.

Xüsusilə qeyd etdi ki, Ermənistanın cinayətkar, diktator rejimi uzun müddətdir ki, bölgədə təhlükə mənbəyi olaraq qalır. Ona görə də ordumuz ciddi şəkildə formalaşdırılmalı, güclənməli və qarşıya qoyulan məqsədi qısa müddətdə həyata keçirməlidir.

– Ali Baş Komandan Ermənistanın işğalının nəticələrinin aradan qaldırılmasından da danışdı. Burada diqqət çəkən məqamlar nələr idi?

– Prezident haqlı olaraq qeyd etdi ki, artıq münaqişənin həll olunması üçün danışıqlar heç bir nəticəyə gətirib çıxarmır. Ermənistan danışıqları boykot edir, imitatsiya yaradır, cinayətkar, diktator rejim danışıqları uzatmaqla məşğuldur. Amma, dövlət başçısı onu da bildirdi ki, Ermənistan o qədər də güclü dövlət deyil ki, Azərbaycan torpaqlarını işğal etsin və torpaqlarımızı 20 ildən artıq müddətə işğalda saxlasın.

Prezident çıxışı ilə Ermənistanı müdafiə edən dövlətlərə mesaj göndərdi. Bu dövlətlərə Ermənistanı dəstəkləməməsi ilə bağlı xəbərdarlıq etdi. Hesab edirəm ki, bu bizim üçün çox önəmlidir. Bununla bağlı Prezidentin çıxışında yeni bir mesaj o oldu ki, ordumuz 1 həftə ərzində bütün işğal olunmuş əraziləri azad etmək gücündədir. Bu, Ali Baş Komandanın özünə güvəncindən, inamından, ordusuna, əsgərinə göstərdiyi etimadan, gücünə olan arxayınlıqdan xəbər verir.

– Dövlət başçısı son dövrlər Azərbaycana qarşı həyata keçirilən çirkin kampaniyadan söz açaraq ciddi mesajlar verdi. Ölkə başçısının belə sərt çıxışı nə ilə bağlıdır?

– Çıxışda səslənən fikirlər uzun müddət Azərbaycana qarşı həyata keçirilən, böhtanın, şantajın açıq şəkildə ifadəsi, ona olan etiraz idi. Ölkə başçısı nitqində haqlı olaraq bunun səbəblərini izah etdi. Bunu səbəblərinin dünya erməniliyi, erməni lobbisi və ermənilərin pulu ilə fəaliyyət göstərən siyasətçilər, konqresmenlər, senatorlar və ayrı-ayrı parlamentarilərin ölkəmizə qarşı qısqanc, qərəzli münasibətdən irəli gəldiyini bildirdi.
Bu təəsüfedici haldır. Prezident çıxışında I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı törədilən bu çirkin, total kampaniyanın, mənəvi terrorun haradan qaynaqlandığını açıqladı. Prezident vurğuladı ki, Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Azərbaycan dövləti və xalqı qalib gəldi. Bu, həqiqətən də belədir. Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə bu kampaniyanını təşkilatçılarına çox sərt bir şillə vurmuş oldu və onlara öz yerini göstərmiş oldu. Ölkə başçısının bunu açıq mətnlə söyləməsi isə onlara növbəti xəbərdarlıqdır. Belə işlərlə məşğul olanlar bundan nəticə çıxarmalıdırlar.

Ölkə başçısı konkret olaraq son zamanlar Avropa Parlamentinin qəbul etdiyi qətnamənin, parlamentin sədri Martin Şultsun və müavini Ulrike Lunaçekin Azərbaycana olan qərəzini, ikiüzlülüyünü qeyd etdi və haqlı olaraq onları istefa verməyə çağırdı. Bir halda ki, onların bu çirkin kampaniyası rəhbərlik etdikləri parlament tərəfindən dəstəklənmirsə, deməli onlar siyasi kurslarını dəyişməli və ya istefa verməlidirlər.

Eyni zamanda çıxışda Almaniya parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərara münasibət bildirildi və Almaniya Buntestaqının lüzumsuz, heç bir siyasi məntiqə sığmayan qərarını absurd adlandırıldı. Haqlı olaraq prezident vurğuladı ki, Almaniya Buntestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Hesab edirəm ki, bununla dövlət başçısı bu dövlətlərin, qurumların nə qədər rəzil bir vəziyyətdə olduqlarını, Azərbaycana qarşı nə qədər haqsız və ədalətsiz mövqedə olduqlarını açıq şəkildə qeyd etdi. Bu, həmin dövlətlər, qurumlar üçün açıq mesajdır.

– Prezident çıxışında belə bir mesaj verdi ki, Azərbaycanla yalnız dost olmaq olar. Bu mesaj özündə nəyi ehtiva edir?

– Prezident İlham Əliyev bu mesajı ilə bir daha vurğuladı ki, Azərbaycanla diktant, təzyiq, basqı dilində danışmaq olmaz. Azərbaycanla əməkdaşlıq etmək istəyənlər ölkəmizin milli maraqlarını mütləq şəkildə nəzərə alınmalıdır. Birtərfli qaydada oyunun şərtlərini və qaydalarını müəyyən etmək olmaz. Azərbaycan o ölkələrdən deyil ki, Avropadan, xaricdən asılı olsun. Ölkəmizin heç bir ölkədən asılılığı yoxdur, müstəqil dövlətdir, özü-özünü təmin edə bilən ölkədir. Əksinə, bu gün müəyyən məsələlərdə Avropa Azərbaycandan asılıdır. Çünki, Avropa Azərbaycanın enerji resurslarına möhtacdır. Hesab edirəm ki, bu baxımdan Avropa qurumları verilən mesajdan nəticə çıxarmalıdırlar.

– Müşavirədə səslənən fikirləri nəzərə alaraq Azərbaycanın Qərbə olan siyasətində hər hansı bir dəyişikliyin olacağını və ya ölkəmizi hər hansı bir birlikdə təmsil olunacağını söyləmək olar?

– Müşavirədə Azərbaycanın Avropaya inteqrasiya ilə bağlı fikirləri açıqlandı. Əgər Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq Azərbaycanın maraqlarına uyğun deyilsə, ikitərəfli tərəfdaşlıq münasibətləri gözlənilmirsə, hətta Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin əks olunduğu bir sənədin imzalanmasından Avropa İttifaqı imtina edirsə, onda Azərbaycanın tək yolu qalır.

Prezident İlham Əliyev dəqiq olaraq dedi ki, Azərbaycan Avropanın nazı ilə oynamır və oynamaq niyyətində deyil. Azərbaycan müstəqil dövlətdir və istədiyi təşkilata qoşula bilər. Mütləq deyil ki, bu Avropa qurumları olsun. Bu onlar üçün bir mesajdır ki, Azərbaycanla hansı formatda əməkdaşlıq etməlidirlər. Azərbaycan Prezidenti bu mesajları açıq şəkildə Avropaya çatdırdı. İndi söz onlarındır.

Eyni zamanda Azərbaycan öz imkanları və yerləşdiyi coğrafi məkandan istifadə edərək digər birliklərlə əməkdaşlıq etməkdə tam sərbəstdir. Heç kim ölkəmizə deyə bilməz ki, siyasi müstəqilliyini seçməkdə sərbəst deyilsən. Azərbaycan dövlət olaraq suverendir, siyasi müstəqilliyinə və verdiyi qərarlara özü cavabdehdir. İndiyə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət onu göstərir ki, Azərbaycan pafosun, yağlı və əsassız vədlərin arxasınca yox, milli maraqlarının qorunması arxasınca gedib. Əks halda Azərbaycanda Ukraynada, Şimali Afrikada baş verənlərin yaşandığının şahidi olardıq. Bu gün Azərbaycan prezidentinin düşünülmüş siyasəti, müstəqil həyata keçirdiyi layihələr, maraqlarına uyğun olan xarici və daxili siyasət ölkəmizi bütün bu bəlalardan, təlatümlərdən qoruyur.

– Prezident çıxısında ölkə daxili məsələlərə toxunaraq bir sıra məqamlara irad bildirdi. Bununla bağlı fikirləriniz necədir?

– Ölkə başçısı Nazirlər Kabinetinin 6 aylıq fəaliyyətini müsbət dəyərləndirməklə yanaşı bir sıra nöqsanalar, çatışmamazlıqlarla bağlı açıq iradlarını bildirdi. Prezident AZAL-ın uçuş qiymətlərinin həddən artıq baha olmasını qeyd etdi, vergi, hüquq-mühafizə sahəsindəki nöqsanları həmin qurumların diqqətinə çatdırdı və konkret tapşırıqlarını verdi.

Hesab edirəm ki, bu müşavirə bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti xalqına güvənir, xalq tam şəkildə hakimiyyəti və prezidenti dəstəkləyir. Azərbaycan dövləti öz qüdrətinə söykənərək uğurlu siyasətini davam etdirəcək. Ölkə başçısı bu müşavirədəki çıxışı ilə Azərbaycanın milli maraqlarına uyğun olmayan Avropa inteqrasiyasını çox ciddi şəkildə təhlil etmiş oldu və bu gün ölkəmizlə fərqli dildə danışmaq istəyən, milli maraqlarımızı kənara qoyaraq, öz planlarını diktə etmək istəyən dairələrə açıq şəkildə “yox” mesajı verdi.
Düşünürəm ki, bu Azərbaycanın gələcək strateji inkişafı baxımından, həyata keçirəcəyi həm daxili, həm xarici siyasətin detallarının aydın olması baxımından mühüm tədbir idi.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv