Prezident öz səlahiyyətlərini azaltdı

Qazaxıstan lideri Qasım Cömərd Tokayev prezidentin bəzi səlahiyyətlərini azaldan və onun yaxın qohumlarının dövlət strukturlarında rəhbər vəzifə tutmasını qadağan edən 6 qanun imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Qanunlar Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən Respublika referendumu nəticəsində qəbul edilib.

Qazaxıstanın ədliyyə naziri Kanat Musin qeyd edib ki, qanunda prezidentin Ali Məhkəmə Şurası və yerli icra hakimiyyəti orqanları ilə bağlı səlahiyyətlərini azaldan düzəlişlər var.

Bundan başqa, ölkə başçısı postunda qalma müddətinə də müəyyən məhdudiyyətlər qoyulur. Senatdakı “prezident kvotası” da azaldılır.

Həmçinin, qəbul edilmiş qanunlar Qazaxıstanın qarışıq seçki sisteminə keçidini tənzimləyir. Belə ki, indi birmandatlı seçki dairələri üzrə Milli Məclisin və rayon məclislərinin deputatlarının bir hissəsi, eləcə də rayon məclislərinin bütün deputatları seçiləcək. Rayon və rayon əhəmiyyətli şəhərlərin icra başçısının seçilməsi də nəzərdə tutulur./Oxu.az/