Prezident Ramazan Abdulatipovu qəbul edib

0861834ca75f2ee1d8193ea793071656Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib.

Görüşdə dövlət başçısı R. Abdulatipovun ölkəmizə səfərinin ənənəvi qardaşlıq əlaqələrinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Ölkəmizlə Dağıstan Respublikası arasında əlaqələrin region üçün, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir.

Ramazan Abdulatipovu və bütün dağıstanlıları Dərbənd şəhərinin iki min illik yubileyinin yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edən dövlət başçısı bunun region üçün çox böyük hadisə olduğunu deyib. Prezident İlham Əliyev yubiley tədbiri zamanı Azərbaycanla bağlı, Heydər Əliyev və görkəmli dövlət xadimi Əziz Əliyev haqqında dediyi səmimi sözlərə və Əziz Əliyevə Dərbənd şəhərində abidə ucaldılmasına dair qəbul edilən qərara görə R. Abdulatipova minnətdarlığını bildirib.

Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin iyunda ölkəmizə səfəri zamanı da bunu bir daha təsdiqlədiyini diqqətə çatdırıb. Dövlət başçıları arasında mütəmadi keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd edən prezident İlham Əliyev bu yaxınlarda Vladimir Putinlə Qazaxıstanda görüşdüyünü məmnunluqla xatırlayıb və uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətlərini regionda sabitliyin təminatı kimi dəyərləndirib. Əməkdaşlıq potensialının genişləndirilməsi məsələsinə toxunan dövlət başçısı Rusiya Federasiyasının regionları, xüsusilə Dağıstan Respublikası ilə əlaqələrin iqtisadi, investisiya qoyuluşu, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Azərbaycanla Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayan R. Abdulatipov bu əlaqələrin inkişafında V. Putinlə İ. Əliyev arasında mövcud olan səmimi münasibətlərin əhəmiyyətini qeyd edib. Dövlət başçılarının vaxtaşırı olaraq görüşdüklərini vurğulayan R. Abdulatipov özünün Rusiya prezidenti ilə görüşləri zamanı da V. Putinin Azərbaycanla əlaqələrin inkişafı ilə hər dəfə yaxından maraqlandığını və ölkəmizlə ən xoş və fəal münasibətlərin genişləndirilməsi ilə bağlı tövsiyələr verdiyini deyib. O, Azərbaycanın müxtəlif regionları ilə də əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Dərbənd şəhərinin iki min illik yubileyinə toxunan R. Abdulatipov xalqlarımızın əsrlər boyu bir yerdə yaşadığını vurğulayaraq birgə tariximizin böyük əhəmiyyət daşıdığını deyib. Dağıstan Respublikasının rəhbəri Azərbaycan prezidentinin göstərişi ilə Dərbənd şəhərində yüksək keyfiyyətlə həyata keçirilən abadlıq və quruculuq işlərinin də böyük razılıqla qarşılandığını bildirib.