Prezident rusiyalı din xadimlərini qəbul edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizə bir daha “Xoş gəlmisiniz!” demək istəyirəm, sizi yenidən görməyimə şadam. Çox şadam ki, Şimali Qafqaz respublikalarının dini liderləri Azərbaycanda tez-tez qonaq olurlar. Artıq uzun illərdir ki, biz görüşür, söhbət edir, dinlərarası dialoq, təhsil, Qafqazın dini liderlərinin qarşılıqlı əlaqələri ilə bağlı mühüm məsələləri müzakirə edirik. Hesab edirəm ki, bizim görüşlərimiz və fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir.
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda – ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük. Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlərboyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır. Şadam ki, siz bu Sammitdə iştirak edirsiniz. Sammit həm də qlobalmiqyaslı hadisədir. Mənim fikrimcə, bu qəbildən olan və bu səviyyədə təmsil olunmuş Sammit dünya arenasında nadir hadisədir. Əlbəttə, Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı və onun dünən səslənən çox müdrik kəlamları bu tədbirə xüsusi əhəmiyyət verir. Lakin onu da qeyd etməliyəm ki, Rusiya nümayəndə heyəti 70-ə yaxın ölkədən olan nümayəndə heyətlərinin ən böyüyüdür. Əlbəttə, dünən Sammit masası arxasında bizim qardaşlarımızı, Şimali Qafqazın dini liderlərini görmək çox xoş idi. Bu insanlar öz respublikalarında, bütün Qafqazda və Azərbaycanda çox böyük nüfuz sahibləridir. Sizi yaxşı tanıyırlar, sizə hörmət edirlər və biz sizə fəaliyyətinizə görə təşəkkür edirik. Sizin sözləriniz xalqlarınızın nümayəndələrinin qəlbində əks-səda doğurur. Siz inkişafa, sabitliyə, sülhə və təhlükəsizliyə çağırırsınız. Azərbaycanda biz bunların hamısını çox yüksək qiymətləndiririk. Əlbəttə ki, bizim möhtərəm şeyximiz Allahşükür Paşazadə ilə sizin münasibətləriniz əməkdaşlığımızın çox mühüm amilidir. Dünən biz möhtərəm şeyxə təntənəli şəraitdə bir çox ölkələrin yüksək mükafatlarının, Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeninin, digər dövlətlərin ordenlərinin təqdim edilməsinin şahidi olduq. Bu, şeyxin təkcə bizim regionda deyil, həm də dünyada nüfuz sahibi olmasını göstərir. Möhtərəm şeyx bizim böyük sərvətimizdir. O, dünya səviyyəli dini liderdir. Biz həmişə onunla ünsiyyətdə olarkən, o cümlədən dünən də sizin barənizdə, sizin münasibətləriniz barədə də danışdıq. Nə yaxşı ki, münasibətlərin belə formatı yaranıb. Əlbəttə, belə bir gündə mən çox mühüm bir missiyanı yerinə yetirmək istərdim. Bir neçə ay bundan əvvəl mənim Fərmanımla İsmayıl Əliyeviç Berdiyev Azərbaycanın yüksək ordeni – “Dostluq” ordeni ilə təltif edilib. Bu orden öz fəaliyyətləri ilə xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verən xarici ölkə nümayəndələrinə təqdim edilir. Odur ki, bu gün görüşümüzü məhz sizə bu yüksək mükafatı təqdim etməklə başlamaq istərdim.

Prezident İlham Əliyev “Dostluq” ordenini Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevə təqdim etdi.

Müfti İsmayıl BERDİYEV dedi:

-Çox sağ olun, İlham Heydər oğlu. Biz burada özümüzü Vətənimizdəki kimi hiss edirik. Bu, Sizin sayənizdə, Şeyxülislamın sayəsində belədir. Bu mükafat şəxsən mənə deyil, bizim hamımıza aiddir. Biz hamımız bunu çox gözəl başa düşürük. Lakin biz də nə iş görürüksə, bu, Şeyxülislamın sayəsindədir. O, bizim ağsaqqalımız, müəllimimizdir. Bizim də 65 yaşımız var, bu, az deyil, lakin o, bizi hələ də öyrədir. Bütün bunlar onun müdrikliyi sayəsindədir.

Sizin atanızın Azərbaycanda gördüyü işlərin bəhrələrini biz burada Sizin timsalınızda görürük. Çox sağ olun. Biz hər dəfə buraya gələndə Azərbaycanda necə dəyişikliklər baş verdiyini görürük. Burada hər yer gözəldir, xaricdə belə şey yoxdur. Bütün bunlar Sizin sayənizdə mümkün olub. Axı, mən Bakını sovet dövründə də, Elçibəyin zamanında da görmüşəm. İndi tamamilə başqadır. Siz nə edirsinizsə, Azərbaycan xalqı üçün edirsiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Müfti İsmayıl Berdiyev: Mən heç vaxt unutmuram, mənə söyləyiblər ki, biz hamımız Kəbədə, Qara daşın qarşısında dayananda atanız Sizə demişdi: “Heyf ki, anan burada yoxdur”. O, bu sözləri nə üçün demişdi? İnsanın əhvalı yaxşı olanda istəyir ki, doğmaları onun yanında olsun. O, buna görə belə demişdi. İnşallah, o, Azərbaycan üçün etdiklərinə görə cənnətdə olacaq. Biz hamımız onunla fəxr edirdik. Sovet dövründə biz fəxr edirdik ki, Sov. İKP MK Siyasi Bürosunda bir müsəlman var. Siz onun yolunu davam etdirirsiniz. Bu işi davam etdirmək üçün Allah Sizə qüvvət və sağlamlıq versin.

Prezident İlham Əliyev: Xoş sözlərinizə görə çox sağ olun. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bugünkü Azərbaycan Heydər Əliyevin qəhrəmancasına fəaliyyətinin nəticəsidir. O, Azərbaycanın inkişafı üçün həmişə çox böyük səy göstərirdi. Sovet dövründə, 1969-cu ildə Azərbaycana rəhbərlik edəndə o, cavan idi, 46 yaşı vardı. O, Azərbaycanı inkişaf səviyyəsinə görə SSRİ-də ən axırıncı yerdən ən qabaqcıllar sırasına çıxardı. O vaxt Rusiya Federasiyasından başqa cəmi iki respublika – Azərbaycan və Belarus ümumittifaq xəzinəsinə aldıqlarından çox verirdi. Rusiya Federasiyası sırf şərti mənada müttəfiq respublika idi. O, dövləti və respublikanı yaradan qurum idi. Bütün digər respublikalar dotasiya alırdı. Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan bütün göstəricilər üzrə ən yüksək yerlərə çıxdı – həm sənayedə, həm kənd təsərrüfatında, həm elektronikada, həm infrastrukturda, həm də regionların inkişafında. Təsadüfi deyil ki, bizim xalqımız böyük çətinliklərlə, faciə ilə üzləşəndə insanlar, ilk növbədə, Heydər Əliyevə müraciət etdilər. Xalqımız 1993-cü ildə onu Azərbaycana rəhbərliyə dəvət etməklə, əslində, bizi fəlakətdən xilas etdi. Mən dünən də, bundan əvvəlki tədbirlərimizdə də demişəm ki, Heydər Əliyevin möhtərəm şeyx ilə dostluğu təkcə onların şəxsi münasibətləri deyildi. Onlar bir-birini çoxdan tanıyırdılar, hələ möhtərəm şeyx gənc yaşlarında Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməyə başladığı vaxtdan. Biz də çox sıx dostluq münasibətləri saxlayırıq. Düşünürəm ki, bu, bizim uğurlu inkişafımızın rəhnidir.
Əlbəttə, biz hamımız tariximizin qaranlıq dövrünü xatırlayırıq. O vaxt təsadüfi adamlar hərbi çevriliş yolu ilə ölkə rəhbərliyinə gəlmişdi. Hərçənd bunu çevriliş də adlandırmaq çətindir. Ona görə ki, hətta çevriliş etmək üçün cəsarət və ağıl lazımdır. Bu, sadəcə, hakimiyyətsizlik dövrü idi. O vaxt hakimiyyət tam iflasa uğramışdı və hakimiyyətə küçə adamları gəlmişdi.

Müfti İsmayıl Berdiyev: Bu, hakimiyyətin qəsb edilməsi idi.

Prezident İlham Əliyev: Bəli, qəsb edilməsi idi. Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi. Bax, şeyx bunu yaxşı xatırlayır. Onlar faciəyə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, vətəndaş müharibəsinə gətirib çıxardılar. Orada ərazilərimiz işğal olunur, onlar isə öz hakimiyyətini möhkəmlətmək üçün Gəncəni bombalamaq əmri verirdilər. Onların Gəncə aeroportunu, bir çox evləri bombalamasını, insanların həlak olmasını göstərən kadrlar var. Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər. Burada onları asmaq üçün dar ağacı qurulanda onlar qorxuya düşərək o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər ki, gəlib onları xilas etsin. Onlar xalqı deyil, özlərini düşünürdülər. Onlar Heydər Əliyevi uzun müddət dilə tutdular, üç dəfə onun üçün təyyarə göndərdilər. O vaxt Heydər Əliyevin yaşı az deyildi, 70 yaşı vardı. O, xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi. Biz belə yollar keçmişik. Ona görə biz bunların hamısını xatırlayırıq və qiymətləndiririk. Gərək gənc nəsil bunu bilsin. Çünki o vaxt onlar balaca idilər və ya heç doğulmamışdılar. Buna görə də möhtərəm şeyx də, biz də çalışırıq ki, bu həqiqət hamıya məlum olsun və bunu xatırlayanlar unutmasınlar. Çünki yaxşı olana çox tez vərdiş edirlər. Buna görə biz bütün bunları xatırlayırıq və öz müstəqilliyimizin, ləyaqətimizin, öz yolumuzun – inkişaf, əməkdaşlıq, tərəqqi yolunun qədrini bilirik.
Əlbəttə ki, bugünkü görüş, mənim fikrimcə, çox böyük əhəmiyyət kəsb edir. Biz hamımız Qafqazın birliyini, qardaşlığımıza, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığa sadiq olduğumuzu nümayiş etdiririk və İnşallah, beləcə irəli gedəcəyik.

Müfti İsmayıl Berdiyev: İnşallah. Sizin Rusiyada çox böyük nüfuzunuz var. Biz Prezidentimiz Vladimir Vladimiroviçin Sizə necə münasibət bəslədiyini görürük, o Sizə hörmətlə yanaşır. O, Sizin atanızı tanıyır. Onlar vaxtilə birlikdə işləyiblər. Belə adamlar heç nəyi gözdən qaçırmırlar, onlar hər şeyi bilirlər. Buna görə Sizin bu dostluğunuz bizim üçün çox dəyərlidir. İndi Rusiya artıq dünyada Sovet İttifaqına bənzər böyük dövlətə çevrilib. Onlar dağıtmaq, uçurmaq, tapdalamaq istəyirdilər. Lakin məhz Putin buna imkan vermədi. O, başa düşdü ki, biz birlikdəyik, bizim gücümüz bundadır.

Prezident İlham Əliyev: Siz tamamilə haqlısınız. Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır. Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir. Bundan əlavə, şəxsi münasibətlər də var. Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir. Mən də Rusiya Prezidentinə böyük hörmət bəsləyirəm. Mən onunla hələ Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdən tanışam. O vaxt Vladimir Vladimiroviç Azərbaycana səfər etmişdi. Ona qədər Sovet İttifaqı dağılandan sonra 10 il ərzində Rusiya Prezidenti Azərbaycana gəlməmişdi. Hərçənd, biz qonşularıq, bizi çox şey bağlayır. Vladimir Vladimiroviç isə Prezident olan kimi atamın dəvətini qəbul etdi, Azərbaycana gəldi və bizə hörmətini göstərdi. Əslində, o vaxt Heydər Əliyevlə o, bizim münasibətlərimizin təməlini qoydu, bu münasibətlər bu gün də davam edir. Ona görə mən bu yolla gedirəm və Rusiya Prezidenti ilə mənim çoxsaylı, məzmunlu görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür. Xalqlarımız bunu bilir və görür. Bu, böyük sərvətdir.

Sonda xatirə şəkli çəkdirildi.

COP29