Prezident seçkiləri və kasıb müxalifət: “Prosesin gedişində elə şərait yarana bilər ki…” – Partiya sədri

Gələn il keçiriləcək prezident seçkilərində iştirak məsələsinin maddi tərəfi müxalifəti indidən qayğılandırır.

Yenicag.az xəbər verir ki, gələn il keçiriləcək prezident seçkilərində iştirakla bağlı hələlik, ümumi mövqeyi olmayan müxalifət təmsilçiləri əks-düşərgənin ortaya çıxaracağı nisbətən uğurlu namizədin seçilməsinə mümkün iddialıların pul kisəsinin “qalınlığı” da təsir göstərə bilər.

Qeyd edək ki, müxalifətin 2018-ci il prezident seçkilərində iştirakı haqda bir neçə gün əvvəl saytımıza danışan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşərgə daxilində məsləhətləşmələrin aparıldığını bildirmişdi. Cəlaloğlu bu fikirlərinin sırasında müxalifətin seçki hazırlığında maddi amillərin də rol oynayacağını vurğulamışdı.

ADP sədri musavat. com-a açıqlamasında bu fikirlərini bir qədər də inkişaf etdirərək, müxalifətin seçkidə iştirakında və əsas namizədin müəyyənləşməsində maliyyə imkanlarının az qala həlledici mahiyyət daşıdığını deyib:

“Azərbaycanda hakimiyyətə qarşı favorit namizəd böyük maliyyə resurslarına sahib bir şəxs ola bilər. Əgər bu gün bəlli olan namizədlərin sırasında böyük maliyyə resurslarına malik olanı yoxdursa, deməli, favorit bunlardan olmayacaq”.

Göründüyü kimi, seçkilərin yaxınlaşdığı ərəfədə hakimiyyət əleyhdarlarının arasında kimlərin namizədliyinin irəli sürülməsindən çox, potensial namizədlərdən hansının maddi baxımdan daha imkanlı olması məsələsi önə çıxır.

Hər halda, müxalifətin prezident seçkiləri kimi ölkə miqyaslı və böyük pullar tələb edən siyasi kampaniyada iştirakının maddi tərəfini indidən nəzərə alması təbiidir.

Əks-düşərgənin son iki onillikdə ən zəif dövrünü yaşadığını nəzərə alsaq, müxalifətin yenidən toparlanması və güclü hakimiyyətə qarşı uyğun alternativ ortaya qoyması həm də maddi faktorlardan birbaşa asılıdır.

Müxalifətin prezident seçkilərində iştirakının maddi aspektlərini Yenicag.az-a şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu məsələdə Sərdar Cəlaloğlunun reallıqdan çıxış etdiyini deyib. Ancaq onun fikrincə, seçki prosesinin gedişində vəziyyət əhəmiyyətli dərəcədə dəyişə bilər:

“Ümumi baxsaq, Sərdar bəy Azərbaycanın mövcud seçki spesifikasını dəqiq dəyərləndirib. Əgər ölkədə siyasi proseslər bu məcrada davam etsə, əlbəttə ki, hakimiyyətin şansları yüksəkdir. Bununla belə, hadisələrin müəyyən inkişafında vurğuladığım “əgər” variantı pozula da bilər.

Çünki beynəlxalq konyuktura, hakimiyyətdaxili qrupların münasibətləri, əhalinin vəziyyəti, iqtisadi və maliyyə tənəzzülü situasiyanı gərginləşdirir. Ona görə də “Pullu namizəd” məsələsi nəzərdən keçirilə biləcək yeganə variant deyil.

Prosesin gedişində elə şərait yarana bilər ki, hazırda müxalifətin əsas qüsuru kimi görünən pulsuzluq problemi aradan qalxar. Əslində, müxalifətin cəlbediciliyi və dinamikliyi sayəsində hakimiyyətin nəzarətində olan maliyyə resurslarını “sığınacaq”dan çıxartmaq da mümkünsüz deyil.

Müxalifət bunu bacararsa, praqmatik beynəlxalq aləm də fərqli davranacaq. Deməli, bütün ssenarilərin fövqündə müxalifətin ortaya çıxaracağı versiyanın həlledici ola biləcəyi istisna edilməməlidir.

Onu da deyim ki, Sərdar bəy açıqladığı fikirlərdə müxalifət daxilində apardığı ünsiyyətə əsaslanır. Lakin münasibətlər belə davam edərsə, Sərdar bəyin səsləndirdiyi versiya tək variantdır”.

COP29