Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prezident seçkilərindən sonra ölkədə ciddi kadr islahatları olacaq - EKSPERT

Reklam: High Technic

Növbədənkənar seçkilər elan edildikdən sonra prezidentliyə namizədlər də bəlli olmağa başlayıb.

Məlum sərəncamdan öncə Mirmahmud Mirəlioğlu, İsa Qəmbər, Hüseyn Abdullayev namizədliyini açıqlamışdı. Növbədənkənar seçkilərin elan edilməsindən sonra isə Razi Nurullayev, Tural Abbaslı, Əli Əliyev prezidentliyə namizəd olacaqlarını elan ediblər. Milli Şura isə prezident seçkilərini boykot edərək, digər partiyaları da boykota səsləyiblər.

Seçki ərəfəsində baş verənləri politoloq Qabil Hüseynli Yenicag.az-a şərh edib:

Qabil Hüseynli

“Seçkinin vaxtının dəyişdirilməsində hər hansı anormal bir şey görmürəm. Növbədənkənar seçkinin təyin edilməsi prezidentin səlahiyyətlərinə daxildir və ölkə başçısı bu hüququndan istifadə edib. Növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan üçün xeyirli olacaq. Bölgədə Azərbaycanın maraqları üçün əhəmiyyətli olan bir sıra proseslərə nəzarət etmək üçün növbədənkənar prezident seçkiləri keçirtmək lazım idi. Ermənistanda və Rusiyada bu ilin mart ayında seçkilər keçiriləcək. Əgər seçkilər oktyabr ayında keçirilsəydi, demək olar ki, bu ili seçki məsələlərinə həsr edəcəkdik və Dağlıq Qarabağ məsələsi bir növ arxa plana keçəcəkdi. Dünən ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüşdə bildirdi ki, Ermənistan və Azərbaycanda prezident seçkiləri keçiriləndən sonra Dağlıq Qarabağ problemi ilə bağlı intensiz danışıqlar başlayacaq. Biz bu danışıqların başlanmasına ümid edirik.

Bundan əlavə bəzi çevrələr Azərbaycanda keçiriləcək prezident seçkilərinə müdaxilə etmək üçün bəzi variantlar düşünürdülər və Azərbaycanı təzyiq altında saxlaya biləcək layihələri də həyata keçirə biləcəkləri barədə məlumatlar əldə edilmişdi. Növbədənkənar seçkilər elan etməklə antiazərbaycan mövqeli layihələri belə tezliklə həyata keçirtmək mümkün olmayacaq”.

Prezident seçkilərindən sonra ölkədə baş verəcək dəyişikliklərə gəldikdə isə politoloq bildirdi ki, İlham Əliyev prezident seçiləcəyi təqdirdə ciddi kadr islahatları aparılacaq:

“Nazirlər Kabinetində ciddi struktur dəyişikliyi olacaq. Prezident Administrasiyasında struktur dəyişikliyi başa çatıb. Ölkə daha yaxşı idarə olunmalı və daha yaxşı kadrlarla təmin edilməlidir. YAP namizəd kimi hazırki prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Bu gün də YAP-ın VI qurultayı keçirilir, qurultayda İlham Əliyevin namizədliyi təsdiq ediləcək”.

Müxalif düşərgə haqqında danışan Qabil Hüseynli qeyd edib ki, müxalifətin sıralarında müəyyən canlanma yaşanmaqdadır:

“Müxtəlif partiyalardan bir neçəsi namizədlərini irəli sürüb. Müxalifətin içərisində söz birliyi hiss olunmur. Milli Şura boykot taktikası seçib və digər partiyaları da bu yola səsləyir. Müsavat, KAXCP, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP, “Ağ Partiya” dan Tural Abbaslının seçkilərdə iştirak etməsi təkcə qələbə üçün yox, həm də xalqı maarifləndirməyin, iqtidarın problemlərinin, nöqsanlarının çatdırılmasının bir yoludur. Zənnimcə, onların yolu daha doğrudur. Milli Şura aktiv boykot taktikasını seçib, eyni zamanda mart ayından mitinqlərə başlayacaqlarını elan edib. Mitinqlərə başlamaq onların hüququdur, eyni zamanda seçkiqabağı təbliğatın formalarından biridir, ancaq seçkilərdə iştirak etmək həm onlara, həm də xalqa daha xeyir verərdi”.

Rəqiblərə gəldikdə isə həmsöhbətimiz bildirdi ki, İlham Əliyevin qalib gələcəyi gözləniləndir:

“İsa Qəmbər 2003-cü ildə İlham Əliyevə ciddi rəqib olsa da, bu dəfə gərginlik yaranmayacaq. Çünki Müsavat partiyasında parçalanmalar oldu, partiya öz əvvəlki gücündən çox geridədir. İsa Qəmbərin səhhətində də problemlər var. Digər namizədlərin imkanlarını isə bərabər görürəm. Onların seçkidə iştirakı alqışa layiqdir”.

Səxavət Məmməd

www.yenicag.az

1415
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM