Prezident səfirlərlə görüşdü

a2d75ad0d44bf0ae941f4d54883a2062Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini qəbul edib.
Səfir Badamdorj Batxişiq fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın Monqolustan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə maraq göstərdiyini deyən prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu bildirib. Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı apardıqları danışıqları məmnunluqla xatırlayan dövlət başçısı siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin xalqlarımız və ölkələrimiz üçün önəmli olduğunu vurğulayıb. Azərbaycanla Monqolustanın biznes strukturları arasında əməkdaşlığın o qədər də fəal olmadığını deyən prezident İlham Əliyev ölkələrimizin bir-birini daha yaxından tanımalarının, investisiya və biznes imkanlarının düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd edib.

Dövlət başçısı Badamdorj Batxişiqin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Badamdorj Batxişiq isə ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi iqtisadi uğurlardan danışıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Bu gün prezident İlham Əliyev həmçinin Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib. Azərbaycan prezidenti Azərbaycanla Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Azərbaycan prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb. Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini deyib. Dövlət başçısı, həmçinin ölkələrimizin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının önəmini qeyd edib. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Lahssan Boufares Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycanla Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.