Prezident sərəncam imzaladı: Məcburi köçkünlərin sosial müdafiəsi gücləndirilir

Prezident İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcəkdir.

Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır.