Prezident sərəncam verdi: İsmayıl Şıxlının 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur.

İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

COP29