Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Yenicag.az sərəncamın məzmununu təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.