Reklam

Reklam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanunu təsdiq edib.

Yenicag.az xəbər verir ki, 2018-ci il dövlət büdcəsində gəlirlər 20 milyard 127 milyon manat, xərclər isə 21 milyard 47 milyon manat məbləğində müəyyən olunub.

Rəqəmlərdən də aydın göründüyü kimi, gələn ilin dövlət büdcəsində nəzərdə tutulan xərclər gəlirlərdən 920 milyon manat artıqdır. Bu vəziyyətdə hökumətin təqriban 1 milyard manata yaxın olan büdcə kəsirini hansı mənbələr hesabına aradan qaldıracağı indidən aktual məsələyə çevrilir.

Mövzu ilə bağlı Yenicag.az-a danışan sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli bildirib ki, hökumət gələn ilin büdcə kəsirini bağlamaq üçün müəyyən mənbələrə malik olsa da, “maliyyə açığı”nın əsas səbəbi zəruri islahatların aparılmamasıdır:

“Əslində, büdcə kəsirinin bağlanması bir neçə mənbə hesabına həyata keçirilir. Həmin mənbələr isə adətən, vahid xəzinə qalıqları və Neft Fondundan edilən transferlərdir. Çünki hazırda neftin real qiyməti 60 dollar civarında olsa da, büdcədə o rəqəm bir qədər aşağı götürülüb. O zaman hökumət bilir ki, neftin qiyməti proqnozlaşdırıldığından artıq olacaq və bunun hesabına büdcə kəsiri bağlanacaq.

Büdcə kəsirinin bağlanmasında digər mühüm mənbə dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən daxilolmalardır. O baxımdan, hesab edirəm ki, hökumət üçün gələcəkdə 1 milyard manata yaxın olan büdcə kəsirinin bağlanmasında çətinlik yaranmayacaq.

Ancaq məsələnin kökündə dayanan əsas problem büdcə mədaxilində hələ də iqtisadi fəaliyyətdən qaynaqlanan gəlirlərin az olmasıdır. Həmçinin, əsas problem Neft Fondundan edilən transferlərin yüksək səviyyədə qalmasıdır.

Cənab prezident 2009-cu ildə iqtisadi fəaliyyətlə məşğul olan dövlət qurumlarının – Vergilər Nazirliyi, Gömrük Komitəsi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi – qarşısında öhdəlik qoymuşdu ki, büdcənin cari xərcləri bu fəaliyyətdən gələn gəlirlər hesabına ödənsin.

Bu, o demək idi ki, biz qazandığımızı xərcləməli, əlavə xərclər üçünsə Neft Fondundan edilən transferləri azaltmalıyıqdıq. Yəni Neft Fondundan edilən transferlər yalnız investisiya layihələrinin həyata keçirilməsinə yönəldilməliydi. Ancaq çox təəssüf ki, haqqında danışdığımız bu kəsir hələ də bir neçə milyard manat civarındadır.

Ona görə də mən çox təəssüf edirəm ki, biz vergi islahatları istiqamətində hələ də ciddi addımlar atmamışıq. Yəni bu çərçivədə Gömrük Komitəsinin ləğv olunaraq Vergilər Nazirliyinə birləşdirilməməsi, o cümlədən Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmaları nəzərə alaraq, onun da ləğv edilməsi, bu sahədə Gürcüstan modelinə keçilməməsi vurğulana bilər. Ümumiyyətlə, Gürcüstanın büdcə gəliri strukturunda gəlirlərin 94 faizi vergilərdən olduğu halda, bizdə həmin göstərici 50 faizdən də aşağıdır.

Ona görə bir daha vurğulayıram ki, problemin kökü ikili mühasibat da daxil olmaqla, qeyd olunan sahələrdə islahatların aparılmamasındadır”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1930
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."