Prezident və xanımı Formula 1 yarışında

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.

Əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edilib.

Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verilib.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirildi. Himni Azərbaycanın əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa etdilər. Onları Əməkdar artistlər – tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət etdilər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə meydana çıxıblar.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Final mərhələsində hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mersedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasının pilotu Sebastian Fettel dayanıblar.

Qeyd edək ki, builki dünya çempionatında indiyədək keçirilmiş üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla “Mersedes”in pilotu Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə “Mersedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.