Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfərə gəliblər.
Yenicag.az xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib. Bildirib ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət ediblər.
Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə burada geniş yenidənqurma işlərinə başlanıb.
Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.
Dini ziyarətgahlarımız da xalqımızın qürur doğuran keçmişinə, milli – mənəvi dəyərlərinə maksimum həssas münasibətinin əyani nümunələrindəndir. Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial və həsəd doğuran vətəndaşlıq mövqeyi, iradəsi, qətiyyəti, milli-mənəvi dəyərlərə dərindən bağlılığı nəticəsində ölkəmizdəki ziyarətgahlara yeni həyat verildi. Təsadüfi deyil ki, Ulu Öndərin müəyyənləşdirdiyi mükəmməl siyasi kursun layiqincə davam etdirilməsinə və daha da zənginləşdirilməsinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində indi ziyarətgahların və dini məbədlərin yenidən qurulmasının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə edilə bilməz. Bu baxımdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səylərini əsirgəmir, istər ölkəmizdə, istərsə də xaricdə silsilə layihələr reallaşdırır. Bunlardan biri də Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahıdır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.
Bir sıra sahələrdə, o cümlədən şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Şamaxı rayonuna çoxlu sayda nəqliyyat vasitələri və xüsusi texnikalar ayrılıb.
Şamaxıya səfəri zamanı həmin nəqliyyat vasitələri və texnikalar dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim olundu. Bildirildi ki, texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb. Rayonda sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün 10 avtobusu ayrılıb. Rayonun kommunal təsərrüfatında bundan sonra məişət tullantıları daşıyan, küçə süpürən və yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcək. Şamaxının səhiyyə potensialına 3 təcili tibbi yardım avtomobili və 1 reanimasiya maşını əlavə olunacaq. Bundan başqa, rayonun bərpa-quruculuq və abadlıq işlərində istifadə etmək üçün çoxlu sayda ağır və yüngül tonnajlı yük maşını, ağır tonnajlı buldozer, çoxfunksiyalı ekskovator və digər texniki vasitələr ayrılıb. Bu təşəbbüs dövlət başçısının regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə rahat həyat şəraitinin yaradılması üçün apardığı sosial-iqtisadi siyasətin daha bir əyani göstəricisidir.
Ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verən Prezident İlham Əliyev dedi:
-Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir – həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək.
Prezidentin köməkçisi Anar Ələkbərov: Oldu, cənab Prezident, aydındır.
Prezident İlham Əliyev: Mən göstəriş vermişdim k, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də, həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir.
Anar Ələkbərov: Cənab Prezident, Sizə təşəkkür edirik.
***
Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlarda iştirak ediblər.
Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha təsdiqləyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu sahədə çox mühüm nəticələr əldə edilib. Şamaxı rayonunun ehtiyacları nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu rayonda inşa olunan 2 uşaq bağçası Fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.
Şamaxıdakı 2 nömrəli körpələr-evi uşaq bağçası ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.
Bütövlükdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1 yaşayış binası, rayonun Məlikçobanlı, Birinci Çaylı, Quşçu, Avaxıl, Dədəgünəş və Meysəri kəndlərində, ümumilikdə, 1212 yerlik orta məktəb binaları, Şamaxı şəhəri, Şəhriyar qəsəbəsi, Quşçu kəndlərində, ümumilikdə, 290 yerlik körpələr evi-uşaq bağçaları, Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyə, Avaxıl, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri inşa edilib, Qaleybuğurd və Saqiyan kəndlərində 320 yerlik orta məktəblər, 210 yerlik Şamaxı Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü Liseyi və rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub.
Açılışı olan tədris-tərbiyə ocaqlarından biri də Şamaxının Meysəri kəndindəki körpələr evi-uşaq bağçasıdır. 1926-cı ildən fəaliyyətə başlamış Meysəri kənd 120 şagird yerlik tam orta məktəbinin köhnə binası istismar üçün yararsız olduğuna görə 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə kəndin giriş hissəsində 132 şagird yerlik yeni məktəb inşa edildikdən sonra Fond tərəfindən məktəbin köhnə binası körpələr evi-uşaq bağçasına uyğunlaşdırılmış layihə üzrə əsaslı təmir edilib. Körpələr evi-uşaq bağçasında 2019-cu ildə başlanılan təmir işləri 2020-ci ilin aprel ayında yekunlaşdırılıb.
Qırx yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları və digər zəruri otaqlar mövcuddur. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, müasir işıqlandırma sistemləri quraşdırılıb. Kənd yerlərində belə bağçaların və digər sosial, mədəni, təhsil obyektlərinin istifadəyə verilməsi ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır. Bu cür layihələr göstərir ki, Azərbaycanda həyata keçirilən sosial layihələrin miqyası və coğrafiyası getdikcə daha da genişlənir.
***
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada oldular.
İstismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tikilmiş binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, bu gün ölkədə həyata keçirilən sosial islahatların əsas təsiri özünü insanların yaşayış səviyyəsində göstərir. Dövlət daha çox aztəminatlı və xüsusi diqqət tələb edən təbəqənin sosial qayğılarının həllinə çalışır. Bu zaman dövlət məsələyə həm də kompleks yanaşır və bu yanaşma bütün əhali təbəqələrini əhatə edir. Bu sırada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Artıq bu kateqoriyadan olan insanlar üçün ölkənin müxtəlif ərazilərində salınan yeni qəsəbələrdə və müasir yaşayış komplekslərində 300 mindən çox insan məskunlaşıb. Şəhid ailələrinin, müharibə veteranlarının mənzillərlə təmin olunması da dövlətin sosial siyasətinin prioritetləri sırasına daxildir. Dövlət həm də təbii fəlakətdən zərər görən vətəndaşların problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır. Baxmayaraq ki, təbii fəlakət hər bir ölkədə baş verir, amma başqa ölkələrdən fərqli olaraq Azərbaycanda təbii fəlakətin fəsadları vətəndaşın dövlətə etimadı, dövlətin isə vətəndaşın qayğısına qalmaq vəzifəsinin birliyi sayəsində həll olunur. Ötən ilin fevralında baş vermiş zəlzələ zamanı Şamaxıda xeyli sayda ev qəzalı vəziyyətə düşmüşdü. Dərhal hadisə yerinə gələn dövlətimizin başçısı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verdi və sərəncamlar imzaladı. Bunun nəticəsi olaraq indiyədək çoxlu sayda yeni ev və çoxmərtəbəli bina tikilmiş və bərpa olunmuşdur.
Dövlətimizin başçısı və birinci xanım daha sonra zəlzələdən zərər çəkənlər üçün inşa olunmuş 110 mənzilli binalardakı mənzillərə baxdılar. Ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb. 1560 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi üçün yeni korpusun inşası və digər korpusun əsaslı təmiri davam etdirilir.
Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək Fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb, 290 yerlik 4 körpələr evi-uşaq bağçası, 360 şagird yerlik Məlikçobanlı kənd tam orta məktəbi üçün yeni binalar tikilib və 408 şagird yerlik Carhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.
Hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.
Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.