Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) fəal iştirakına görə “Yeni Çağ” Media Qrupunun altı əməkdaşını təltif edib.
Konfrans boyunca “Yeni Çağ” Media Qrupunun jurnalistləri həm Azərbaycan, həm də rus dillərində iqlim dəyişiklikləri və bu sahədə atılacaq addımlar haqqında geniş məlumat verərək, bu qlobal məsələnin ictimaiyyətə daha yaxşı çatdırılması üçün fəal çalışıblar. Onlar, həmçinin COP29-un əsas müzakirə mövzuları və Azərbaycanın bu mövzudakı mövqeyi ilə bağlı analitik materiallar hazırlayıb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər cənab Prezident İlham Əliyevə media sahəsinə göstərdiyi etimad və diqqətə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu təltif yalnız onların əməyinin qiymətləndirilməsi deyil, həm də Azərbaycan mediasının beynəlxalq miqyasda etibarını və təsirini artıran bir addımdır.
COP29 çərçivəsində “Yeni Çağ” Media Qrupunun əməkdaşları, həmçinin iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətini və Azərbaycanın bu sahədəki uğurlarını geniş auditoriyaya çatdırmaq üçün xüsusi xəbərlər və məqalələr dərc ediblər.
Məsimə Məmmədova