Prezident yeni səfiri qəbul edib – FOTO

14622638483179121549_1000x669Prezident İlham Əliyev mayın 3-də İndoneziyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib.

“Report” xəbər verir ki, səfir Hüsnan Bəy Fanani fəxri qarovul dəstəsinin qarşısından keçib.

Hüsnan Bəy Fanani etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğuladı, ölkəmizə verdiyi dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirdi. Tərəfdaşlıq əlaqələrimizə toxunan Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu dedi. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Hər iki ölkədə uzun illərdir səfirliklərin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev səfir Hüsnan Bəy Fananiyə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Hüsnan Bəy Fanani İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu dedi. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Hüsnan Bəy Fanani 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.