Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xatırladaq ki, Böyük Şor gölü üzərində inşa olunan yol Sumqayıt və Xırdalan, həmçinin Binəqədi, Balaxanı yolundakı sıxlığı azaldacağı gözlənilir.
Bu yol 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Masazır qəsəbələrinə və Sumqayıt şəhərinə gedişi təmin edəcək. Böyük Şor gölü üzərində inşa edilən və gölü iki hissəyə ayıracaq yeni avtomobil yolu Ziya Bünyadov prospekti ilə Balaxanı, Binəqədi avtomobil yollarını birləşdirəcək. Bundan sonra sürücülər 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan dairəsi ərazisindən Xırdalan və Masazır qəsəbələrinin ərazisinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə rahatlıqla çıxış əldə edəcək.
İnşasına 2018-ci ilin mart ayından başlanılan, ümumi uzunluğu 2700 metr olan Böyük Şor avtomobil yolu 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Yolda iki yeraltı tunel var. Birinci tunelin qapalı hissəsinin uzunluğu 98 metr, açıq hissəsinin uzunluğu isə 340 metrdir.