Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb.
Bildirildi ki, “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki eko-turbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.
Prezident İlham Əliyevin cari ilin mayında tikintisinə baxış keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə – cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.
Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək.
Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında 8 mindən çox ağac əkilib.
Dövlət başçısı “Cahangirbəyli” Su Elektrik Stansiyasını işə saldı.
Qeyd edək ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, media və qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib.
İşğaldan azad edilən ərazilərdə bolsulu çaylar üzərində “AzərEnerji” tərəfindən tikilən və gələcəkdə inşa olunacaq 370 meqavat gücündə SES-lər say və güc baxımından ölkənin digər yerlərində fəaliyyət göstərən azsulu çayların üzərində yerləşən 1060 meqavat gücündə böyük SES-lərdən üç dəfə az olmasına baxmayaraq, daha çox enerji istehsal edəcək. Çünki əsasən Azərbaycan ərazisində formalaşan bolsulu və iti axan dağ çayları üzərində tikilən yeni stansiyalar ölkənin digər yerlərindəki stansiyalardan fərqli olaraq, suyun azalan vaxtı da məhsuldar işləyir. Belə ki, avqust-sentyabr aylarında istehsal həcmi 25-30 faizə düşsə də, aprel-may aylarında 80 faizdən yuxarı olur və ilin bütün fəsillərində orta hesabla 40-42 faiz güclə çalışır. Digər yerlərdə isə bu göstərici 10-12 faizdir.
Beləliklə, işğaldan azad edilən ərazilərdə tam yeni tikilən 4 stansiyadan ibarət “Zəngilan” su elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək. Bu da alternativ enerji mənbələrinə keçiddə çox böyük rol oynamaqla, Prezident İlham Əliyevin regionu “Yaşıl enerji” zonasına çevirməklə bağlı tapşırığının icrasına mühüm töhfədir. Silsilə SES layihəsi regionun enerji və iqtisadi inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısına görülən işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.
Məlumat verildi ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.
Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.
Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub.
Yenicag.az xəbər verir ki, dövlət başçısı Alıbəyli kəndinin təməlini qoyub.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına Alıbəyli kəndi barədə məlumat verib.
Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır.
Bildirilib ki, Alıbəyli kəndində 2 568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət iki-üç mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır.
Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.
Qeyd olunub ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur.
Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.
Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib.
Sonra Alıbəyli kəndinin inkişaf planı barədə videoçarx nümayiş etdirilib.
Prezident İlham Əliyev Alıbəyli kəndinin təməlini qoyub.
***
Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
Yenicag.az xəbər verir ki, dövlət başçısına məsciddə görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, binanın konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib.
Zəngilanda inşa olunan məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.
Ötən müddətdə yeni məscidin layihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.
Dövlət başçısına kompleks barədə məlumat verildi.
Bildirildi ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.
Məlumat verildi ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.
Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoydu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Dövlət başçısına kompleks barədə məlumat verildi.
Qeyd olundu ki, yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.
Məlumat verildi ki, ümumi sahəsi iki hektar olan yaşayış kompleksində tikiləcək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.
Prezident İlham Əliyev 3-cü yaşayış kompleksinin təməlini qoydu.