Prezidentdən Bakı-Sumqayıt yolundakı tıxacla bağlı tapşırıq

“Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur”

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən deyib.

Ölkə başçısı Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıq verib.

Prezident İlham Əliyev: Çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur.

Saleh Məmmədov: Bəli, böyük tıxaclar olur.

Prezident İlham Əliyev: Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın.

Saleh Məmmədov: Cənab Prezident, layihə hazırlayıb Sizə təqdim edərik.

Prezident İlham Əliyev: Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır. /azvision.az/

COP29