Prezidentdən insan alveri ilə mübarizə barədə SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncam insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədi daşıyır.

Sərəncamla “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Nazirlər Kabinetinə sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Daxili İşlər Nazirliyi isə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirməlidir.