“Azərbaycan Prezidentinin dünən Ermənistanın silahlanması ilə bağlı söylədikləri, əslində, Ermənistandan çox ona silah verən digər ölkələrə ünvanlanmış bir mesajdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə Ermənistanın silahlandırılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Polkovnik əlavə edib ki, Prezident bu addımların regionda vəziyyəti daha da gərginləşdirdiyini və yeni münaqişələrə səbəb olacağını vurğulayıb:
“O qeyd edib ki, Azərbaycan sülh istəyir, yeni bir səhifə açılmasını arzulayır. Lakin görünən odur ki, Ermənistan və onun xarici himayədarları buna mane olur, Ermənistanı revanşist ideyalara və addımlara təhrik edirlər. Bu, region üçün ciddi təhlükə yaradır. Azərbaycan isə 30 il ərzində öz ərazilərində bu təhlükənin nəticələrini hiss edib”.
Ü. Cəfərovun sözlərinə görə, Ermənistanın keçmiş və indiki rəhbərliyi faşist ideologiyası ilə hərəkət edib:
“Ermənistan hər nə qədər sülhdən danışsa da, öz ərazisində etnik təmizləmə həyata keçirib, nəticədə orada bir nəfər də azərbaycanlı qalmayıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulub. Prezidentin dünənki mesajı, əslində, Ermənistana deyil, ona silah verən ölkələrə yönəlib. Onlar anlamalıdır ki, bu silah yardımları Ermənistan cəmiyyətində İslamofobiya və türkofobiya hisslərini gücləndirir. Bu addımlar reallığı dərk etmək istəyən kütlənin fikirlərinə mənfi təsir göstərir və onları yeni qarşıdurmalara sövq edir”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, Hindistan, Fransa, ABŞ, bəzi hallarda isə Rusiya və Yunanıstan kimi ölkələrin Ermənistana silah verməsi İrəvanın yenidən “Qarabağ kartı”nı dövriyyəyə buraxmaq fikrini gücləndirir:
“Bununla yanaşı, Azərbaycanın separatçılar üzərində başladığı məhkəmə prosesi və onun ətrafında yayılan informasiya hücumlarının artacağı gözlənilir, hətta aparıcı dünya mediasında Azərbaycana qarşı belə kampaniyaların olacağı ehtimal edilir. Buna baxmayaraq, Azərbaycan öz ordusunu gücləndirmək və strateji məqsədlərinə nail olmaq üçün işini davam etdirməlidir. Prezidentin dünənki bəyanatı, əsasən, Ermənistana silah verən ölkələrə xəbərdarlıq idi və onların bundan nəticə çıxarması vacibdir”.
Rafi Müslümov