Ziyalılar Prezidentə müraciət etdi: “Ədəbi dilimizin zənginləşməsi prosesini tənzimləyən quruma ehtiyac var”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Möhtərəm Prezident!
Azərbaycan Respublikasında dövlət dilinin qorunması və inkişaf etdirilməsi bütün vətəndaşların şərəfli borcudur. Azərbaycan dili yüzillər boyunca cilalanmaqla daim yenilənmiş, qazandığı yeni sözlər hesabına zənginləşmiş və bu minvalla indiki gözəlliyinə çatmışdır. Bu dilin formalaşmasında İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi şairlərimizin, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Mir Cəlal Paşayev kimi yazıçı və dramaturqlarımızın, eləcə də bir sıra elm və mədəniyyət xadimlərimizin böyük əməyi olmuşdur.
Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə Azərbaycan dilinin işləkliyinin daim qayğısına qalmış, dövlət orqanlarında doğma dilimizdən istifadəni ciddi şəkildə tələb etmişdir. Məhz onun 2002-ci ildə imzaladığı fərmanla “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir.
Bu gün də dövlət dilimizin xüsusi qayğıya ehtiyacı var. Qloballaşmanın, elmi-texniki tərəqqinin sürətli gedişatı dilə yeni sözlərin gəlməsini tələb etdiyi bir dövrdə dilimizə labüd olaraq yeni terminlər daxil olur. Bu terminlərin, demək olar ki, hamısı əcnəbi dillərdən alınmadır və əksəriyyətinin Azərbaycan dilində qarşılığı yoxdur. Kortəbii termin axını dili zənginləşdirmək əvəzinə, onun təbiətinə zidd meyillərin ortaya çıxmasına səbəb olur. Görünən budur ki, son vaxtlar həyatımızın müxtəlif sahələrində söz yaradıcılığı günün tələbləri ilə ayaqlaşa bilmir. Ona görə də dilə termin axınını şərtləndirən prosesi tənzimləyə biləcək məsul bir qurumun yaradılmasına ehtiyac vardır. Məsələn, qardaş Türkiyə Cümhuriyyətində otuza yaxın ştatlı əməkdaşı olan bir təsisat mövcuddur. Onlar dilin yenilənməsi prosesini nəzarətdə saxlayır, yeni terminlərin türk dilində qarşılığını yaradır.
Möhtərəm Prezident!
Biz hesab edirik ki, ölkəmizdə də müvafiq qurumun yaradılmasına böyük ehtiyac vardır. Bu qurum dilimizə daxil olan əcnəbi mənşəli terminləri araşdırıb zərurət yaranarsa, ana dilimizin daxili imkanları hesabına yeni sözlərlə əvəz edə bilər. Səhiyyə, təhsil, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində əcnəbi dillərdən alınma terminlər xüsusilə çoxluq təşkil edir. Müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər.
Möhtərəm Prezident!
İnanırıq ki, təklifimiz dövlət əhəmiyyətli bir məsələ kimi diqqətinizi cəlb edəcək və sırf sözügedən işlərlə məşğul olacaq ştatlı mütəxəssislərdən ibarət müvafiq dil qurumunun yaradılması məsələsi tezliklə həllini tapacaqdır.
Hörmətlə
-
- Zümrüd Dadaşzadə, professor
-
- Aida Qasımova, professor
-
- Fəxrəddin Veysəlli, professor
-
- Qulu Məhərrəmli, professor
-
- Ədalət Tahirzadə, professor
-
- Elmira Məmmədova-Kekeç, professor
-
- Ramazan Qafarlı, professor
-
- Tərlan Quliyev, professor
-
- Seyfəddin Rzasoy, professor
-
- Qurban Bayramov, professor
-
- Səadət Şıxıyeva, dosent
-
- İradə Musayeva, dosent
-
- Əkrəm Bağırov, dosent
-
- Pərvanə Məmmədli, dosent
-
- Dürdanə Rəhimzadə, dosent
-
- Zəminə Rüstəmbəyli, dosent
-
- Könül Nəhmətova, dosent
-
- Aybəniz Rəhimova, dosent
-
- Afaq Yusifli, dosent
-
- Güldəniz Qocayeva, dosent
-
- İsmayıl Məmmədov, dosent
-
- Yeganə Kərimzadə, yazıçı
-
- Nəriman Əbdülrəhmanlı, yazıçı
-
- Fuad Islamzadə, dosent
Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri