Dünya Azərbaycanlıların 4-cü qurultayında iştirak etmək üçün Bakıda olan Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə icraçı direktoru, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Rusiyada yaşayan azərbaycanlı gəncləri diaspora fəaliyyətinə cəlb etdiyinə görə fəxri diplomla təltif edib. Bu münasibətlə Yenicag.az olaraq onu təbrik etdik.
– Bu mükafat Azərbaycanda aldığınız ilk mükafatdır? Bu münasibətilə təəssüratlarınızı bölüşərdiniz zəhmət olmasa?
– Bu mükafat Azərbaycanda aldığım ilk mükafatdır. 13 ildir ki, fəaliyyət göstəririk. Yəqin, 13 illik fəaliyyətimizin nəticəsidir ki, biz də mükafata layiq görüldük.
Dünya Azərbaycanlıların 4-cü qurultayı ilə bağlı nə deyə bilərdiniz? Tədbir necə keçdi?
– Bu tip qurultayda da ilk dəfə idi ki, iştirak edirdim. Qurultaydan böyük təəssüratlarla ayrılıram. Sosial şəbəkələrdə tanış olduğum başqa ölkələrdə yaşayan azərbaycanlılarla məhz bu qurultay vasitəsilə yaxından tanış olmaq imkanı əldə etdik. Xaricdə fəaliyyət göstərən diasporalarda mövcud olan bəzi anlaşılmazlıqların aradan qaldırılması üçün cənab prezident hansı istiqamətlər üzrə çalışmaq barədə mesajlarını verdi. Əsas diqqət də mətbuat və lobbiçilik sektoruna yönəldildi ki, bu istiqamətdə də fəaliyyətlərimizi gücləndirəcəyik. Arzu edirəm ki, prezidentin qurultayda qarşıya qoyduğu məqsədləri diaspora təşklatları tam olaraq həyata keçirsinlər. Çünki prezidentin dediyi hər bir sözdə həqiqət vardır. Burada deyilənlərin 50 faizi diaspora rəhbərləri tərəfindən həyata keçirilsə Azərbaycan diasporamız inkişaf edər.
– Uzun illər diaspora sahəsində çalışan bir şəxs kimi deyə bilərsinizmi ki, diasporanın güclənməsinə maneə olan amillər hansılardır?
– Problemlərdən ən əsası diaspora təşkilatlarında bir sıra hallarda bu sahə üzrə heç bir anlayışı olmayanların fəaliyyət göstərməsi və rəhbərlik etməsilə bağlıdır. Onların bir çoxu hansısa müxtəlif yollarla gəlib bura düşüb, başlayıblar diasporaya rəhbərlik etməyə. Bunun da nəticəsində həmin təsadüfü insanların gəlməsilə onların rəhbərlik etdiyi diaspora təşkilatları sistematik şəkildə məhv olmağa başlayır. Ona görə də arzu edərdim ki, fəaliyyət göstərdikləri məkanlarda diasporaya rəhbərlik işlərilə bu işin peşəkarları məşğul olsunlar. Belə olarsa diaspora fəaliyyəti sahəsində görüləcək işlərin də əhəmiyyəti çox olacaq.
– Rusiyada Azərbaycan diaspora təşkilatları arasında əlaqələr necədir? Bu əlaqəni qaneedici hesab etmək olarmı?
– Rusiyadakı diaspora təşkilatlarımızla bu ölkənin hansısa dövlət strukturlarının əlaqəsi müəyyən dərəcədə olsa da, qaneedici səviyyədə deyil ki, hansı dövlət qurumları, Prezident Aparatı, Dövlət Dumasından nümayəndələrin tədbirlərimizə gəlmələrilə fəxr edə bilək. Ancaq səfirliyin təşəbbüsü ilə keçirilən tədbirlərə onlar gəlir, amma diaspora özü bu istiqamətdə fəaliyyətilə təəssüf ki, fəxr edə bilmir. Bu da onunla bağlıdır ki, diasporanın Rusiyadakı həmin yüksək qurumlara çıxışı yox səviyyəsindədir.
– Yaşadığınız ölkədə azərbayan diaspor təşkilatları arasında əlaqələr bəs necədir? Ümumiyyətlə belə əlaqələr varmı?
– Rusiyada fəaliyyət göstərən Milli Mədəni Muxtariyyət Təşkilatı və Ümumrusiya Azərbayacan Konqresi arasında əlaqələr demək olar ki, yoxdur. Bu da onların bir-birinə rəqib təşkilat olması ilə əlaqədardır. Birgə fəaliyyətə maneə olan məqam isə həmin iki təşkilatdan birinin 2001-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaranmasıdır. İkinci qurum olan Milli Mədəni Muxtariyyət Təşkilatı isə Rusiya Prezident Adminstrasiyasının təşəbbüsü ilə yaradılıb, yəni Rusiyayönümlü bir təşkilatdır. Bu səbəbdən də həmin təşkilatlar bir stol arxasında oturmağa çətinlik çəkirlər.
Elçin/Yenicag.az
Redaksiyadan: Qeyd edək ki, bu gün Şamil Tağıyev ikinci dəfə mükafatlandırılıb. Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı Ş.Tağıyevi Azərbaycan həqiqətlərinin rus ictimaiyyətinə çatdırılmasındakı xidmətlərinə görə, Fəxri Diplomla təltif edib.