Prezidentin fərmanına reaksiya: “Əmlak Komitəsi ləğv olunsun”

“Azərbaycanda Əmlak Komitəsi bir “Makler ofisi” funksiyasını yerinə yetirir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib.

O, prezident İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında” fərmanını şərtləndirən səbəbləri açıqlayıb.

Nazim Bəydəmirlinin fikrincə, dövlət başçısının belə bir fərman imzalaması ilk növbədə Əmlak Məsələləri Dövlət Komitəsinin yarıtmaz fəaliyyətindən qaynaqlanır:

“Əmlakla bağlı olan məsələlər, o cümlədən müxtəlif səlahiyyətlərin verilib-alınması zaman etibarilə bəzi vaxtlarda təkrarlanır. Yəni səlahiyətlər bəzən arıtırılır, bəzən də azaldılır. Bu fərman mənə ötən dövrlərdə qəbul edilmiş bəzi sərəncamları xatırladır.

Buna görə də hesab edirəm ki, bu məsələlərin sadələşdirilməsi üçün Əmlak Komitəsi ləğv edilməlidir. Çünki özəlləşdirmə ilə bağlı əsas məsələlər artıq öz həllini tapıb. Adətən, postsovet və postsosialist ölkələrində İqtisadiyyat və ya İqtisadi İnkişaf nazirliklərinin tərkibində fəaliyyət göstərib. Onlar da əsas funksiyalarını yerinə yetirdikdən sonra fəaliyyətlərini bir departament kimi davam etdiriblər. Bu baxımdan, Azərbaycanda Əmlak Komitəsinin ləğvinin zəuri olduğunu düşünürəm.

Çox təəssüf edirəm ki, Dövlət Torpaq Komitəsi zamanında intriqaların qurbanı olaraq Əmlak Komitəsinin tərkibinə verildi. Əslində isə Torpaq Komitəsini Kənd Təsərrüfatı Nazirliyinə birləşdirmək lazım idi. Əmlakın reyestr xidməti isə bütün dünyada istifadə olunan qayda üzrə Ədliyyə Nazirliyinin tabeliyində olur.

Hər kəsə məlumdur ki, Azərbaycanda Əmlak Komitəsi bir “Makler ofisi” funksiyasını yerinə yetirir – çünki o qurumun başqa funksiyası yoxdur. Əmlak Komitəsinin ləğvi həm də dövlət vəsaitlərindən istifadəni optimallaşdırır. Çünki rəqəmlərə baxdıqda görürük ki, dövlət əmlakının icarəsindən hər il büdcəyə cəmi 3-5 milyon manat vəsait daxil olur. Ancaq Əmlak Komitəsinin saxlanılmasına büdcədən ayrılan vəsaitin həcmi bundan bir neçə dəfə çoxdur. Dövlət büdcəsinin gəlirlərinə və xərclərinə baxdıqda, belə bir müqayisə apara bilərsiz.

Fikrimcə, özəlləşdirmə proqramının ideyası əvvəldən normal olsa da, Azərbaycanın özəlləşdirməyə çıxarılmış 32 milyard dəyərində əmlakı bu və ya başqa formada Əmlak Komitəsinin indiki rəhbərliyi tərəfindən mənimsənildi, yaxud da müxtəlif şirkətlərə, qruplara, oliqarx məmurlara yem edildi. Bununla da “özəlləşdirilmiş” böyük zavod və fabriklər gerçəkdə “qırmızı direktor”lara nəsib oldu. Heç bir investisiya qoyulmayan o müəssisələrin əraziləri və avadanlıqları satıldı.

Özəlləşdirmənin necə aparıldığını göstərən başqa bir məqam isə bundan ibarətdir ki, səhmdar cəmiyyətlərdən heç biri öz səhmdarlarına dividend vermir. Ümumiyyətlə, Əmlak Komitəsinin formalaşdırdığı səhmdar cəmiyyətlərin 98 faizi yaradıldığı vaxtdan bu günə qədər səhmdarlarına dividend verməkdən yayınır. Onlar fəaliyyət göstərməyiblər, dividend verməyiblər, sadəcə, torpaqları, əmlakı ələ keçirməklə, satmaqla məşğul olublar”.

Qeyd edək ki, dövlət baçsısının haqqında danışılan fərmanına əsasən, bundan sonra Azərbaycan Respublikası Prezidentinin aktları ilə dövlət əmlakına münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, dövlət müəssisələrinin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması ilə bağlı digər hallar nəzərdə tutula bilər.

Bundan başqa, Azərbaycan prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” fərmanında da müvafiq dəyişikliklər edilib.

A.Zeynalov

COP29