Prezidentin İran səfəri: “Xəzərin hüquqi statusu və BTQ…” – Politoloq

Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Xatırladaq ki, anoloji tərkibdə keçən görüş ötən il avqust ayının 8-də Bakıda baş tutmuşdu.

Tehran görüşündən nə gözləmək olar? Burada hansı məsələlərin müzakirəsi gözlənilir?

Politoloq Elşən Manafovun fikrincə, Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehrandakı görüşü regional əməkdaşlığın daha da genişlənməsi və inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər:

“Bu görüş 2016-cı ildə Bakıda baş tutan görüşün bir növ davamı olacaq. Əslində, Rusiya, Azərbaycan və İranın iştirakı ilə baş tutan görüşlər regional təhlükəsizliyin bir sıra problemlərinə münasibətdə mövcud hakimiyyətlərin ümumi baxış və konsepsiyalara malik olduqlarının bariz göstəricisidir.

Bu baxımdan regionda təhlükəsizlik problemlərinin müzakirəsi, problemlərin həllinə dair birgə kommunikenin də qəbul edilməsini istisna etmirəm. Digər tərəfdən, Rusiya, İran və Azərbaycanın qatıldığı görüşlərdə Xəzər və onun hüquqi statusu ilə bağlı məsələlər də müzakirə obyekti olub. Bu baxımdan zənn edirəm ki, Tehran görüşündə də Xəzərin hüquqi statusu ətrafında danışlqlar davam etdiriləcək. Burada yekun olaraq, nəhayət Xəzərin beynəlxalq dəniz hüququna cavab verəcək layihənin əldə ediləcəyini də istisna etmirəm.

Ən əsası odur ki, adıçəkilən dövlətlər Xəzərə birbaşa çıxışı olmayan üçüncü tərəfin hərbi strukturlarının bölgəyə müdaxiləsinin əleyhinədir. Dövlətlər ola bilsin ki, Xəzərin karbohidrogen ehtiyatlarından birgə istifadə barədə razılığa gələcəklər. Xəzərin hüquqi məsələsi ətrafında dövlətlər arasında bir neçə il bundan əvvələ qədər olan qarşıdurma amilləri zaman-zaman aradan qalxmaq üzrədir. Bu görüşdə Xəzərin hüquqi statusu barədə mövqelərdə vahid bir razılığın əldə edilməsi ehtimalı da böyükdür. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi də ola bilsin ki, görüşdə müzakirə predmeti olsun. İstisna deyil ki, perspektivdə Rusiya ilə İran da məhz bu dəmiryolu vasitəsilə istehsal etdiyi məhsulları Avropa bazarlarına çıxartmaqda maraqlıdırlar.

Çünki iqtisadi baxımdan bu dəmiryolu xətti rentabellidir. Bütün hallarda prezidentlərin Tehran görüşündə regional təhlükəsizlik, Suriya problemi və ona münasibətdə tərəflərin birgə baxışları və s. məsələlər müzakirə olunacaq”.

ELÇİN

COP29