Prezidentin köməkçisi: “Sərhədlərin möhkəmləndirilməsi və bərpası tam sürətlə davam etdirilir”

“Bildiyimiz kimi, artıq delimitasiya istiqamətində işçi qruplar fəaliyyət göstərir, görüşlər keçirilir və bütün bunlara rəğmən, sərhədlərimizin möhkəmləndrilməsi və bərpası işləri tam sürətlə davam etdirilməkdədir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev müsahibəsində deyib.

“Təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır. Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Lakin Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına qarşı atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

“Ermənistanın təxribatlarına haqq qazandıran dairələr isə yaxşı olardı ki, ədalətin yanında yer alsınlar və 30 il boyunca Azərbaycanın üzləşdiyi ağır nəticələri xatırlasınlar. Əgər bunu da edə bilmirlərsə, tövsiyə edərdik ki, öz daxili problemlərini həll etməklə məşğul olsunlar. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini tələb olunan normalar çərçivəsində təmin edir və Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır”, – M.Əliyev vurğulayıb.