“Prezidentin korrupsiyaya qarşı barışmaz mövqe tutması məni qürrələndirir” – Partiya sədri

“Xalq da gərək bu işdə Prezidentə və Birinci vitse-prezidentə əlindən gəldiyi qədər kömək etsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə rüşvət və korrupsiyaya qarşı vüsət alan ciddi tədbirləri dəyərləndirən İdrak Partiyasının sədri Osman Əfəndi deyib.

Partiya sədrinin fikrincə, korrupsiyaya qarşı aparılan mübarizə sona qədər aparılmalıdır:

“Mən ölkə rəhbərliyinin korrupsiyaya qarşı başladığı bu müharibəni alqışlayıram. Məmurlar arasında bu cür yırtıcılıq, dağıdıcılıq ola bilməz. Əslində, korrupsionerlərin bu çirkin əməlləri ermənilərlə ittifaqda olub xalqa qarşı daxili müharibə aparmaqdır. Xalqın sərvətini talamaq isə rəzalətdir, insanlıqdan kənardır.

Bunu bağışlamaq olmaz. O məmurlara qarşı aparılan mübarizəni dəstəkləyirəm. Prezidentin və Birinci vitse-prezidentin bu istiqamətdə gördükləri işləri yüksək qiymətləndirirəm.

Əgər başlanmış tədbirlər davamlı olarsa, bu, Azərbaycanı inkişafa doğru aparacaq. Yox, əgər mübarizə bir-iki nəfərlə yekunlaşacaqsa, bu, heç də arzulanan vəziyyətə gətirməyəcək. Bu işi sona qədər aparmaq lazımdır.

Mən rüşvətxor məmurların bu eybəcərliyinə münasibət bildirməyə söz tapmıram. Ən acınacaqlısı isə odur ki, onlar pul oğurlamaqla qalmırlar, həm də xalqa maddi-mənəvi zülm edirlər.

Dövlət başçısının korrupsiyaya qarşı barışmaz mövqe tutması məni qürrələndirir. Xalq da gərək bu işdə Prezidentə və Birinci vitse-prezidentə əlindən gəldiyi qədər kömək etsin. Xalq özünü gizlətməyi bacaran korrupsionerlərə qarşı dözümsüzlük göstərməlidir ki, onlar öz cəzalarına daha tez çatsınlar”.

Aqil Bəkir