!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Təəccüblü nə var ki, mən axı azərbaycanlıyam!” - FOTOLAR

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” adlı tədbir keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri Əli Həsənov, MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Atatürk Mərkəzinin müdiri millət vəkili Nizami Cəfərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, deputatlar, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

Tədbiri çıxış sözü ilə açan Əli Həsənov konfrans iştirakçılarını salamlayaraq, bugünkü toplantının cənab prezidentin tapşırığı ilə həyata keçirildiyini vurğuladı:“Hər bir xalqın dili onun yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda mədəniyyətinin daşıyıcısıdır. Dil xalqın özünümüdafiə instinktinin inkişafında və həmrəyliyində bir nömrəli amildir. Dil azərbaycançılıq ideologiyasının da dayağıdır, çünki o, dünyada yaşayan çoxsaylı soydaşlarımızı birləşdirən dəyərdir. Buna görə də, dövlət dilinə həssaslıqla yanaşmaq lazımdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Moskvanın etirazına baxmayaraq, 1978-ci ildə Azərbaycan dili Konstitusiyada dövlət dili olaraq göstərildi. Həmçinin, 1995-ci ildə Azərbaycan dili “Dövlət dili” elan olundu. 2001-ci ildə isə Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı fərman verildi. 2001-ci il avqustun 1-də latın qrafikasına keçidin əsası qoyuldu. 9 avqust “Dövlət Dili Günü” elan olundu. Məhz bu tarixdən etibarən hər il 9 avqust bütün ölkədə təntənə ilə qeyd olunur. 2002-ci ildə qəbul olunan qanun isə Azərbaycan dilinin dövlət dili olaraq möhkəmlənməsində böyük əhəmiyyət daşıyır. 2005-ci ildə İlham Əliyev dövlət dilinin kənar təsirlərdən qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar sərəncamlar imzaladı.

Təəssüf ki, qloballaşma prosesi dilə təsirsiz ötüşmür. Elektron KİV-lərdə tez-tez dilimizə yad olan sözlərə, ifadələrə rast gəlirik. Yerli-yersiz kənar ünsürlər dilimizə daxil edilir. Filmlərin dublyajında, tərcümələrdə, reklam lövhələrində qrammatik qaydalar gözlənilmir. Təəssüf ki, bu problemlər hələ də aradan qaldırılmayıb. Cənab Prezident İlham Əliyev məhz bu cür halların yenidən müzakirəsi üçün tapşırıq verib. Çünki dil insanın bu günü, gələcəyidir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi: “İnkişaf etmiş dilə sahib olan millət əyilməzdir”.

Əflatun Amaşov:Gündəlik həyatımızda “Dövlət dili haqqında qanun”un pozulması hallarına tez-tez rast gəlirik. Artıq 5 ildən çoxdur ki, bu pozuntuların araşdırılması üçün monitorinqlər aparılır.

Ənənəvi mediada normaların pozuntusu elektron mediaya görə 30% daha aşağıdır. Lakin elektron media daha əlçatandır, buna görə də dil pozuntuları minimuma endirilməlidir.

İlk növbədə leksik normaların daha çox pozuntuya məruz qaldığını demək lazımdır. Son 10 ildə dilimizə çoxlu sayda alınma sözlər daxil olub. Bu, sevindirici haldır, lakin dilimizdə qarşılığı olan sözlər yerinə alınma sözlərin istifadəsi yolverilməzdir.

Bəzən mediada görürük ki, ingilis dilindən alınan sözlər ingilis transkripsiyası ilə yazılır. Bu hal xırda hal kimi görünə bilər. Lakin belə çıxır ki, Azərbaycanda qəzet oxuyan hamı ingiliscə bilməlidir.

Monitorinq zamanı KİV-də aşkar etdiyimiz pozuntularda isimlərin yanlışlığına tez-tez rast gəlirik. Coğrafi adların cəmdə işlədilməsi tamamilə yanlışdır. Bu, Türkiyə türkcəsində, slavyan dillərində doğru səslənsə də, bizim dilimizə yaddır.

Cümlə üzvləri arasında sintaktik əlaqənin düzgün qurulmaması nitqdə anlaşılmazlıq yaradır. Ümumiyyətlə, predmeti bilməmək müasir jurnalistikamızın bəlasıdır.

Durğu işarələrinin istifadəsində də böyük səhvlərə yol verilir. Əslində isə sadəcə, bir neçə qaydanı yadda saxlamaqla bu problemləri aradan qaldırmaq olar.

1. Media təmsilçilərinin peşə bacarığı yüksək səviyyəyə qaldırılmalıdır. Nitq mədəniyyəti ilə bağlı təlimlər keçirilməlidir.

2. Təhsildə təkmilləşmə. Digər sahələrdən jurnalistikaya gələnlər üçün xüsusi təhsil proqramları işlənib hazırlanmalıdır.

3. İctimai şüurda ana dilinin qaydalarının gözlənilməsinə diqqət yetirilməlidir. Dildən düzgün istifadənin insana hörmət gətirdiyi beyinlərə yeridilməlidir.

4. Qanunçuluğun inkişaf etdirilməsi. Dildən yanlış istifadəyə görə cərimələr nəzərdə tutulmalıdır. Fransada bununla bağlı konkret cəzalar nəzərdə tutulub.

Nizami Cəfərov:

Azərbaycan ədəbi dili ədəbiyyatın və ya elmin inkişafına yox, publisistikanın hesabına inkişaf edir.

Fonetik normaların pozulması Azərbaycan ədəbi dilinin şifahi üslubunun XX əsrdən etibarən formalaşmasından irəli gəlir. Daha əvvəl isə dialektlər şifahi nitqdə üstünlük təşkil edirdi.

Məişət dili məsələsinə gəldikdə isə, bu sahədə əsas məsuliyyət televiziyaların üzərinə düşür. Bu gün bütün Azərbaycan xalqı orta təhsilə malikdir, böyük bir hissə isə ali təhsil alır. Ona görə də məişət üslubunu ədəbi üslubdan kəskin fərqləndirmək düzgün olmazdı.

Dilimizdə elə bir söz yoxdur ki, onların yazılışında mübahisə olsun. Yalnız bir neçə sözdə anlaşılmazlıqlar var idi ki, onlar da aradan qaldırılıb. Deməli, mediada yaranan problemlər sadəcə, peşəkarlıq səviyyəsinin aşağı olmasından irəli gəlir.

AMEA-nın Folklor İnstitutunun direktoru, İctimai Televiziya və Radio Yayımları Şurasının sədri Muxtar İmanov çıxışı zamanı bu sözləri deyib:

– Əvvəla biz dil və nitqi ayırmalıyıq. Bizim dilimiz kifayət qədər zəngindir. Hər hansı yanlış ifadələr işlədilirsə, bu, məhz fərdlərin şəxsi səhvi olur.

Türkiyə türkcəsi uzun illər ərzində müəyyən sınaqlardan keçib. Vaxtilə bizim dilimiz bu inkişafdan məhrum edilib, sadəcə, ədəbi üslub inkişaf etdirilib.

Heç birimizin hər hansı dialektdə, şivədə yazmağa haqqımız yoxdur.

İlk növbədə ədəbi dili yersiz ifadələrdən qorumalıyıq. Dilimizə gələn alınma sözlər məsələsində çox diqqətli olmalıyıq. Xüsusilə Türkiyə türkcəsindən dilimizə çox vacib sözlər keçir, bununla belə qrammatik cəhətdən dilimizə uyğun gəlməyən ifadələr də istifadə olunmağa başlayır. Türkiyə türkcəsi hamı tərəfindən anlaşıldığı üçün bu yanlışlar elə də nəzərə çarpmır.

Sərəncamlarda açıq-aşkar küçə reklamlarında Azərbaycan dilinin qaydalarının kobudcasına pozulduğu qeyd olunur. Mən düşünürəm ki, jurnalistlərə axtarış üçün meydan verilməlidir. Onlar birinci növbədə ədəbiyyata istinad etməlidirlər. Belə olan halda biz növbəti iclasımızı jurnalistlərin uğurlarına həsr edə biləcəyik.

Möhsün Nağısoylu:

– Firudun bəy Köçərlinin qeyd etdiyi kimi: “Ananın südü bədənin mayası olduğu kimi ananın dili də ruhun qidasıdır”.

Fars, rus dillərini səlis bilən bir şəxs kimi deyə bilərəm ki, bizim dilimizin imkanları heç də digər dillərdən məhdud deyil.

İki ildir ki, institutumuzda monitorinq xarakterli Qaynar xətt fəaliyyət göstərir. Müxtəlif peşələrdən olan şəxslər aşkarladıqları dil pozuntularını bizə bildirirlər.

Qeyd edək ki, pozuntulara yol verən şəxslərə cərimə tətbiq olunması barədə təkliflər irəli sürülüb.

İlk növbədə dili sevmək lazımdır. Əgər dilə qarşı sevgi, hörmət, məsuliyyət hissi olarsa, bütün problemlər həll olunacaq.

Bir jurnalist ümummilli lider Heydər Əliyevdən soruşur ki, necə olur bu qədər səlis danışırsınız? O, cavabında bildirir:

“Burda təəccüblü nə var ki, mən axı azərbaycanlıyam!”

Təklif edirəm ki, bizim magistrantlarımız üçün keçirilən müsabiqələr, media nümayəndələri üçün də keçirilsin. Beləliklə, onları dildən daha düzgün istifadə etməyə təşviq edəcəyik.

Aytək Yusifsoy

www.yenicag.az

1995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv