Prezidentin məmurlara şifrəli Şuşa mesajı və su kimi həbslər… – “A-dan Z-yə Aqil Ələsgərlə” – VİDEO

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 13-cü buraxışı ilə görüşünüzə gəlib. Tarif Şurasının məlum qiymət artımı, korrupsionerlərin həbsi, prezidentin məmurlardan şikayəti, Siyavuş Novruzovun “Füzilinin prezident təqaüdü alması” barədə açıqlaması və Türkiyə-Azərbaycan əlaqələrinə dair həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Video link: Buraxılışın mətni: Su kimi həbslər…

Həftəni Tarif Şurasının qaldırma əməliyyatı ilə başlayıb, sabiqlərin həbsi ilə yekunlaşdırırıq. Mahiyyət etibarilə, ikisində də motiv eynidir: Pul. Suyun qiymətinin artırılmasında da, korrupsionerlərdən dövlətdən vaxtilə oğurladıqlarını geri qaytarmalarının tələb olunmasında da məqsəd büdcənin doldurulmasıdır.

Əslində, koronavirus fonunda müharibədən çıxan ölkədə bu yaşananların olması labüddür. Dərd odur ki, məmurlar bunu xalqa izah etmək üçün yenə də prezidentin önə çıxmasını istəyirlər. Əllərini daşın altına qoymadan…

* Prezident məmurlardan niyə şikayət edir?

Bəli, məmurizm özünün elə bir mərhələsinə, elə bir levelinə qədəm qoyub ki, Prezident sərəncamla-filan cəzalandırmaqla yetinmir, həm də onları xalqın önünə atır. Atır ki, xalqdan daha güclü dəstək alsın yırtıcılarla mübarizə üçün. Çünki görünən düşmənlə mübarizə daha asandır, nəinki dövlətin kapilyar damarlarına qədər sızmış, dövlətdən bəhrələnib, özünə səltənət quranlarla savaş.

Şuşanın qapısından qovsa, xüsusi təyinatlılardan daha cəld sıldırımları aşıb, dövlətdən daha tez quracaqlar saraylarını orada. Nə qədər gülməli səslənsə də, Dövlət Sərhəd Xidmətinin zastava, AZAL-ın, Mərkəzi Bankın şöbə açmaq istədiyi şəhərdir Şuşa. Məqsəd heç də şöbə açmaq deyil. Dövlətin imkanları ilə “Mədəniyyət beşiyi”nə qarmaq atmaqdır. Gələcəkdə otellər, villalar tikmək üçün indidən torpaqdan pay qoparmaqdır. Və sizdən fərqli olaraq, mən prezidentin bu silləsinin onları yavaşıtsa da, durdura bilməyəcəyi qənaətindəyəm.

Yenə əlləm edib, qəlləm edib, o torpaqlarda özlərinə yer edəcəklər. Halbuki Şuşadan, Zəngilandan, Qubadlıdan daha çox onların Xankəndində, Xocavənddə, Xocalıda mülklər almaları, Laçının mərkəzini bir an öncə gerçəkdən bizimki etmələrinə ehtiyac var. Hər şeyi Prezident deməlidir? Hər işə Prezident müdaxilə etməlidir? Bu boyda heyət, bu qədər dövlətdən maaş alan nəyə lazımdır, hər iş Prezidentdə bitəcəksə..?

Bax, bunun üçün sizdən hər hansı biriniz həbs ediləndə, cəmiyyətin mövqeyi birmənalı olur və sevinir. Necə ki “içəri” göndərilən icra başçılarının yanındakı maskalı qaqaşı bu xalq sevdi. Necə ki, Səlim Müslümov kimi sabiq və ya indiki hansı naziri içəri atsalar, millət yenə bayram edəcək. Bu nifrəti də məhz siz özünüz qazanmısınız. Nə deyək, atəşiniz bol olsun…

* Füzulili Məhəmmədin “prezident təqaüdü”

Bu arada Siyavuş Novruzovun sayəsində öyrəndik ki, Bağdadi təxəllüsü ilə də tanınan, Kərbəlada doğulub, vəfat etsə də, Füzuli rayon sakini kimi “metrika” alan Məhəmməd Füzuli də “prezident təqaüdçüsü” olubmuş. Ancaq sırf elə o dövrün Siyavuş müəllimgilinin himayə etdiyi məmurların yaratdığı bürokratik əngəllər sayəsində dahi şair Osmanlının “prezident”i Sultan Süleymanın təyin etdiyi 9 axçalıq maaşa ömrü boyu həsrət qalıb. Bunu “Şikayətnamə”sində də dilə gətirib: Salam verdim – rüşvət degildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.

* Pandemiyanın cana doydurduqları…

Qadağalar absurdlaşanda, insan istəsə də, dözə bilmir. Və ən sakit təbiətlilər belə bu yasaqlara üsyan edirlər. Fevralın 1-də – restoranların yenidən açıldığı gün sosial medianın “Instagram” bölümündə sanki bayram idi. İnsanlar son dəqiqələrə qədər restoranda olduqlarını nümayiş etdirirdilər. Bu, həm də metroları qapadıb, avtobuslarda insanların ağız-ağıza yol getməsinə, “həftəsonu” sindromu ilə supermarketlərdə basabas yaradıb, gün ərzində 3-5 adamın girdiyi qeyri-qida sektorunu bağlamaqda problem görməyib, onminlərlə aztəminatlı insanın çörək ağacı olan kafe-restoranların qapılarının qıfıllanmasına bir etiraz idi.

Bəli, insanımız dözümlüdür, ancaq bir yerə qədər. Artıq bu karantin komediyasını bitirməyin vaxtı nəinki çatıb, hətta ötüb. Dünya ÜST deyilən bir reket QHT-nin əlində girinc-giriftar qalıb. Trampın yolunu gedərək, hər dövlət bir dəfə ÜST-ün üzünə asqırıb, o dövlətdəki Handesini deport etsə, belə bir problem qalmayacaq.

* Türkiyə-Azərbaycan üçün kimlikdən daha vacib olanlar..

Türkiyə ilə Azərbaycan arasında artıq yeni tipli şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək mümkün olacaq. Elə Dövlət Baxçalının Şuşada məktəb açmaq ideyası da müsbət qarşılandı. Maarif Vakfı da illər sonra nəhayət Azərbaycanda məktəb aça biləcəyini, bizim təhsil nazirinin sonunda buna izn verdiyini açıqladı. Amma, ancaq və lakin… Bütün bunlar köksümüzü qabartsa da, yüksək strateji əməkdaşlıq-qardaşlıq bundan daha artığını tələb edir. Məsələn, hipermarketlərimizdə niyə rus və Avropa mənşəli mallar Türkiyə mallarını üstələməlidir? Niyə təhsil sahəsində illərdən bəri danışılan, ancaq danışıqdan o tərəfə keçməyən addımların atılması süründürməçiliyə salınır? Niyə MDB ölkələri üçün uyğun bilinən gömrük rüsum və vergiləri Türkiyəyə də tətbiq olunmur? Və ya nə üçün Türkiyə işçi vizası məsələsində Azərbaycan vətəndaşlarını indusdan-afrikalıdan fərqləndirib, bizə özəl münasibət göstərmir?

Təhsil, səhiyyə, gömrük, iqtisadi və digər sahələrdə pafossuz geniş masştabda əməkdaşlıq niyə gerçəkləşmir? Yaxud da 40 manata alınan pasportun gediş-gəlişdə rol oynamayacağını əldə bayraq etməkdənsə, təyyarə biletlərində bir az insaflı davranmaq daha yaxşı olmazdımı? Koronavirusu da bəhanə edib, testlə bərabər uçuş qiymətini 1000 manata qaldırandan sonra şəxsiyyət vəsiqəsi ilə getsən nə dəyişəcək, pasportla getsən nə? Bu, sadəcə, kütləni bilet alana qədər məmnun edər, o qədər.

Əgər Türkiyə ilə Azərbaycan arasındakı körpünün təməlini daha da möhkəmləndirmək, bir millətin iki dövlətini daha da yaxınlaşdırmaq istəyiriksə, şəxsiyyət vəsiqəsilə-kimliklə baş qatmamalıyıq… Hər iki tərəfdəki bürokratizmin ölkələrarası münasibətlərə xələl gətirməməsi üçün bundan çox-çox artığına ehtiyac var…

COP29