Prezidentin Münxen Konfransında verdiyi MESAJLAR: “Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması…” – ŞƏRH

“Münxen Konfransını Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatıdırılması və erməni yalanlarının ifşası baxımından uğurlu adlandırmaq olar”.

Bu sözləri dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Almaniyaya səfərini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev panel diskussiyada Paşinyana və erməni baş nazirinə dəstək verən avropalı moderatora siyasətlə yanaşı, həm də debat dərsi keçdi:

“Konfransda yadda qalan məqamlardan biri Cənubi Qafqaz dövlətləri liderlərinin panel müzakirələrdə bir araya gəlməsidir. Bu, tarixi hadisədir. Çünki Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada ilk dəfə görüşürdülər. Görüş zamanı Paşinyan hər nə qədər böhtan və təxribat xarakterli çıxış etsə də, cənab prezidentin müxtəlif məsələləri əhatə edən tutarlı çıxışı onun bütün arqumentlərini alt-üst etdi. Paşinyanın guya Laçın dəhlizində ermənilərin humanitar böhran yaşadığını və bu məsələdə Azərbaycan dövlətini ittiham etməyə çalışması, Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış məscidləri Sovet İttifaqının üzərinə yıxması əsl erməni xisləti idi və cavabsız qalmadı. Konfransda ölkə başçımız müharibə və postmüharibə dövründə regionda baş verən bütün hadisələri faktlarla hər kəsin diqqətinə çatdırdı. Laçın dəhlizində yolun bağlı olmamasını, Rusiya Sülhməramlı qüvvələrinin, Qırmızı Xaç Komitəsinin avtomobillərinin sərbəst formada hərəkət etdiyini vurğuladı. Həqiqətən də Laçın dəhlizi bağlı olsaydı, Rusiya sülhməramlılarına və Qırmızı Xaç komitəsinə məxsus 2500-dən çox nəqliyyat vasitəsi həmin ərazidən keçə bilməzdi, həmçinin Vardanyan Qarabağdan İrəvana, Moskvaya və yenidən Qarabağa gedən yolu “su yoluna” döndərə bilməzdi”.

Politoloq hesab edir ki, Prezidentin çıxışında önəmli məsələlərdən biri də “Vardanyan layihəsi” ilə bağlı idi:

“Ölkəmizin Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazır olduğunu deyən prezident bu istiqamətdə danışıqların yalnız Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə aparılmasının mümkünlüyünü qeyd edərək Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş heç kimlə danışıqların aparılmayacağını deməsi faktiki olaraq “Vardanyan layihəsinə” vurulmuş zərbə kimi qiymətləndirilə bilər. Prezident Vardanyanla bağlı bu şəkildə qəti mövqe sərgiləməklə, rəsmi Bakını Qarabağ erməniləri ilə danışıqlar aparmağa dəvət edən Amerika və Avropa ilə yanaşı, Rusiyaya da mesaj vermiş oldu.

Digər vacib məqam isə nəzarət buraxılış məntəqələrinin yaradılması ilə bağlı oldu. Prezidentin “Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” bəyanatı faktiki olaraq ermənilərin “miatsum” layihəsinin tamamilə məhv edilməsi istiqamətində çox mühüm addım kimi qiymətləndirilə bilər. Prezident bu təkliflə artıq Ermənistana müraciət olunduğunu və cavab gözlədiyini dedi. Bununla da sübut etdi ki, regionda sülhün bərqərar olması üçün irəli sürülən cəhdlər, məhz Bakı tərəfindən edilir. Rəsmi Bakı bu mənada yaxşı bilir ki, məhz bu varinat İrəvanın sülh danışıqlarındakı süni uzatma prosesini dalana söykəyir”.

Gülşən Şərif