Azər Verdiyev: TENDER mühitinin şəffaflaşdırılması və imkanların genişləndirilməsi labüddür
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün strateji istiqamətlər üzrə problemləri və onların həlli yollarından danışdı. Cənab Prezidentin son çıxışı xalqın istək və arzularının ifadəsi idi. Hər dəfəsində olduğu kimi bu dəfə də Prezident ən çətin məqamda hadisələrin gedişatına şəxsən müdaxilə edərək mövcüd problemlərin tez bir zamanda həll olunması üçün qəti mövqe ortaya qoydu.
Cənab Prezidentin çıxışı Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmlidir. Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaqdı.
Ümumilikdə iclasda səslənən bütün tezislərə kompleks yanaşsaq aşağıdakı strateji stiqamətlər üzrə addımların atılacağı gözləniləndir:
– Bank sektorunda ciddi islahatların aparılması, devolvasiya ilə əlaqədar sadə vətəndaşlara dəyən ziyanın minimuma endirilməsi;
– Biznes mühitini yaxşılaşdırılması, şərtlərin yumşaldılması;
– TENDER mühitinin şəffaflaşdırılması və imkanların genişləndirilməsi;
– İdxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması;
– Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması;
– Struktur islahatlarının aparılması və çevik idarəetmə mexanizmlərinın yaradılması, lazımsız qurumların ləğv olunması;
– Bütün iqtisadi və sosial əməliyyatların “ASAN”laşması;
– Maliyyə vəsaitlərinin xərclənməsinə İctimai Nəzarətin gücləndirilməsi;
– Regionlarda çevik sosial-iqtisadi islahlatların aparılması, mövcud problemlərin müəyyənləşməsi və onların həll edilməsi;
– Süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda cəza tədbirlərinin də görülməsi;
– Ölkənin Turizm potensialının yenidən nəzərdən keçirilməsi və inkişafı üçün konsepsiyanın yaradılması;
– Xarici investorların ölkəyə cəlb olunması üçün münbit, güzəştli mühitin yaradılması;
– QHT-lərin yuxarıda sadaladığımız istiqamətlərdə fəaliyyətinin səmərələliyini artırmaq üçün beynəlxalq və yerli donorlardan qidalanmasının təmin edilməsi;
– Regionların spesifikasına uyğun olaraq bəlli iqtisadi sahələrin inkişafı üçün güzəştli paketlərin hazırlanması;
– Təhsil və Səhiyyə sistemində ciddi islahatların aparılması və s.
Hesab edirəm ilk növbədə TENDER mühitinin şəffaflaşdırılması və imkanların genişləndirilməsi daha məqsədəuyğun olardı. Bu ilk növbədə yüzlərlə yeni iş yerlərinin açılması və infrastruktur yeniliklərinin reallaşması deməkdir. Hesab edirəm ki, beynəlxalq donorları, maliyyə resurslarını ölkəmizə cəlb etmək üçün ciddi, şəffaf biznes mühiti yaradılmalı və şərtlər yüngülləşdirilməlidir.
Cənab Prezidentin çıxışında qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi daha çox diqqət cəlb etdi. Elə bilirəm ki, bu istiqamətdə ən mühüm işlərdən biri də turizm sektorunun inkişaf etdirilməsidir. Araşdırmalar göstərir ki, Azərbaycanda turizm sektorunda xidmətin səviyyəsi aşağı, qiymətlər isə olduqca yüksəkdir. Bu istiqamətdə turizm şirkətləri üçün xüsusi proqram hazırlanmalı və xaricilərin ölkəmizə cəlb edilməsi üçün bütün innovavit metordlardan istifadə edilməlidir.
Çox təəsüflə qeyd etməliyik ki, bəzi ermənipərəst beynəlxalq təşkilatlar ölkəmizin beynəlxalq aləmdə imicinə ziyan vurmaq üçün ciddi şəkildə çalışmaqdadırlar. Devolvasiya isə bu qəbildən olan təşkilatlar üçün çox gözəl fürsət oldu. Onlar öz əlaltıları vasitəsi ilə, xüsusən də regionlarda ciddi cəhdlə nümayişlər təşkil etmək niyyətindədirlər. Bu mənada islahatların ilk növbədə regionlardan başlamasını vacib hesab edirik. Burada isə problemlərin həllinə kompleks yanaşılmalıdır. Çünki regionlarda problemlər həm süni qiymət artımından, həm də dollarla krediti olanlardan qaynaqlanır.
İstənilən halda Prezident İlham Əliyev demək olar ki, bütün sahələr üzrə təhlillər apardı və problemlərin həlli üçün ciddi mesajlar verdi. Prezidentin son çıxışı ölkə iqtisadiyyatında yeni səhifə açacaq. Mətbuat və QHT-lər isə prezidentin çağırışına qoşulmalı, ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Bu eyni zamanda ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinə verdiyi dəyərin ən bariz nümunəsidir.
Azər Verdiyev
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri
İcmalçı