Prezidentin təyyarəsində həyəcan: Beş saat havada qaldı – TƏFƏRRÜAT

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı daşıyan təyyarə “texniki problem” səbəbiylə təxminən 5 saat havada qalıb. Təyyarə bu müddətdən sonra havaya qalxdığı Meksikanın paytaxtı Mexiko şəhərinin hava limanına salamat enib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Lula Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etməli olduğu Meksikadan Braziliyanın paytaxtına qayıdarkən təyyarədə texniki problem yaranıb. Braziliya Hərbi Hava Qüvvələri Komandanlığı Lula, həyat yoldaşı Rosangela da Silva və bəzi hökumət üzvlərinin də olduğu 16 nəfəri daşıyan “Airbus A319” tipli təyyarənin təhlükəsiz eniş etdiyini açıqlayıb.

Bu nasazlıq üzündən təxminən 5 saat havada qalan təyyarə sağ-salamat Mexiko hava limanına enib. Braziliya Hərbi Hava Qüvvələri “texniki problemin” nə olduğunu açıqlamasa da, problemdən sonra təhlükəsizlik protokollarına görə təyyarənin havada yanacaq doldurmalı olduğunu və bunun uğurla həyata keçirildiyini bildirib.

Braziliya mətbuatı Lulanın təyyarədəki komandasının texniki problemin arxasında “quş zərbəsinin” ola biləcəyinə inandığını bildirib.

“Associated Press”ə danışan Braziliya prezidentinin mətbuat katibi Xose Krispiniano təyyarədəki hər kəsin təhlükəsiz olduğunu açıqlayıb.

İsmayıl Bakuvi

COP29