!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin Ukrayna səfəri: "İlham Əliyev Putinlə Zelenski arasında vasitəçilik missiyasını..." - Hərbi ekspert

!Reklam – Yazi

“İlham Əliyev Kiyevdən dönən kimi Ukrayna rəsmisi açıqlama verdi ki, üçlü formatda – Putin, Bayden, Zelenski – görüş istəyirik və bu məsələnin sülh yolu ilə həll olmasının tərəfdarıyıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, İlham Əliyev zamanında Ərdoğanla Putin arasında araçı missiyasını yerinə yetirdiyi kimi, indi də Putinlə Zelenski arasında bu missiyanı yerinə yetirir:

“Ukrayna ordusu 2014-cü ildəki ordu deyil. Ukrayna ordusu son toqquşmalarda özünü müsbət tərəfdən göstərə bildi. Ötən 8 il ərzində Ukrayna ordusu geriyə çəkilməyib, əksinə müəyyən məqamlarda irəliləyib. Ukrayna ordusu ilə separatçıların arasındakı fərqə baxsaq, separatçılar ən azı 40 faiz daha çox itkiyə məruz qalıblar. Rusiyanın aidiyyatı rəhbərliyi bilməmiş deyil ki, orada geniş miqyaslı müharibə mümkün deyil. Təxribatlarda da ən çox itkini separatçılar verəcək. Digər bir tərəfdən Qərbin bu işdə ikibaşlı oyununu görən hər iki dövlətin rəhbərliyi, əsasən də, ictimaiyyət hər iki tərəfə təzyiq göstərir ki, niyə görə kimlərinsə ambissiyasına görə qardaş qırğını olmalıdır. O tərəfdən də, bu tərəfdən də ölən İvanovdur. Artıq xalq bunu yaxşı başa düşüdüyü üçün Ukrayna rəhbərliyindən daha çox Rusiya rəhbərliyi təzyiqə məruz qala bilər. Bunu Rusiya tərəfi bilməmiş deyil. Digər bir tərəfdən Qərbin də təzyiqləri göz qabağındadır.

Xeyli vaxt idi ki, Ukrayna ilə Rusiya arasındakı araçılıq missiyanı Ərdoğan öz üzərinə götürmüşdü. Türkiyənin istər Rusiya, istərsə də Ukrayna ilə yaxşı münasibətləri olduğuna görə bu müharibənin olmasını istəmir. Ərdoğan çalışırdı ki, iki ölkə arasında barışıq yaratmağa nail olsun. Ancaq Türkiyənin özü də NATO üzvü olduğuna görə bu missiyanın uğurlu olacağı sual altına düşürdü. Yenə də burada Azərbaycan və İlham Əliyev faktoru işə düşdü.

Bildiyimiz kimi İlham Əliyev illər öncə bu missiyanı çox uğurla yerinə yetirmişdi”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya ilə ərəb ölkələrinin bəziləri arasındakı insident məhz İlham Əliyev vasitəsi ilə həll edilib:

“2015-ci ilin noyabr ayının 24-də Rusiyaya məxsus hərbi təyyarəni Türkiyə Suriya sərhədində vurmuşdu. Həmin hadisədən sonra Rusiya ilə Türkiyə arasında münasibətlər, demək olar, dayandı. İki ölkə arasındakı problemin həll olunması və münasibətlərin yumuşaldılması üçün Qazaxıstan lideri Nursultan Nazarbayev və İlham Əliyevin araçılıq missiyasını öz üzərlərinə götürdülər. Bununla da iki ölkə arasındakı münaqişə sülh yolu ilə həll olundu.

İlham Əliyevin qəflətən, gözlənilmədən Ukraynaya səfəri Zelenski ilə təkbətək görüşü və qısa zamanda geri qayıtması müəyyən suallar doğurur. İmzalanan müqavilələrə baxsaq, görərik ki, bunlar prezident səviyyəsində imzalanan müqavilələr deyil. Həmin müqavilələr baş nazirlər və nazirlər səviyyəsində imzalana bilər. Bu səfərə Kreml və onun ruporu olan medianın münasibəti normal oldu. Bütün bunlar bizə deməyə əsas verir ki, bu səfər özü özlüyündə Putin, Zelenski və Ərdoğanla razılaşdırılmış bir səfərdir.

Bir müddət əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ABŞ ordusunun Baş Qərargah rəisi məxsusi olaraq Bakıda görüşdü. NATO ilə Rusiya arasındakı əhəmiyyətli görüşlərin bir neçəsi Azərbaycanda baş tutub. Bu görüşlər intensiv xarakter alıb. Bakı, Azərbaycan hər iki cinah üçün münbit şəraiti olan, ortaq yerdə yerləşən və hər iki tərəfin etibar etdiyi bir məkandır. Bütün bunlardan çıxış edərək İlham Əliyev iki slavyan ölkəsi arasındakı problemi həll etmək üçün araçı missiyanı öz üzərinə götürüb. Düşünürəm ki, bu görüşdən sonra iki ölkə arasında yaxın müddətdə hər hansısa bir razılaşma baş verəcək. Düşünürəm ki, bu həm Azərbaycanın, həm də İlham Əliyevin uğurudur”.

Səxavət Məmməd

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv