“Prezidentin vəzifədən kənarlaşdırılması onlar üçün normadır” – İqor Şişkin

“ABŞ və Avropa İttifaqı Moldovada tüğyan edən özbaşınalığı niyə görmür?”

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Moldova prezidenti İqor Dodonun Konstitusiya Məhkəməsi tərəfindən vəzifədən müvəqqəti kənarlaşdırılmasını şərh edən Moskva MDB Ölkələri İnstitutunun direktor müavini İqor Şişkin deyib.

– Moldova prezidentinin vəzifədən kənarlaşdırılması haqda nə deyə bilərsiz?

– Dodonun hakimiyyətdən müvəqqəti də olsa uzaqlaşdırılması artıq xəbər yox, Moldova siyasi həyatının normasıdır. Bu, əyani şəkildə göstərir ki, Moldovada keçirilən prezident və parlament seçkilərində ölkənin siyasi kursunu müəyyənləşdirmək mümkün olmur. Seçkilər sadəcə, “sənədləşdirmə və leqallaşdırma” xarakteri daşıyır.

– Belə fikirlər dolaşır ki, bu, Qərbin Rusiyaya növbəti zərbəsidir…

– Diqqət etsəz görərsiz ki, postsovet ölkələrində Qərbyönümlü kurs hər zaman dövlət çevrilişi yolu ilə üstünlük qazanıb. Məsələn, Gürcüstanda, “Qızılgül inqilabı”, Ukraynada 2014-cü il dövlət çevrilişi və sair. Yeri gəlmişkən, Ukraynada buna ilk cəhd Yuşenkonun vaxtında olmuşdu, o, yalnız “Narıncı inqilab”dan sonra hakimiyyəti götürməyi bacardı. Moldovada isə qərbyönümlü qüvvələr Voronini zorla hakimiyyətdən uzaqlaşdırdıqdan sonra vəziyyətə faktik nəzarət edirdilər. Moldova prezidentinin iqamətgahının yandırılması vətəndaşlara Avropaya inteqrasiya yoluna necə çıxıldığını hələ də xatırladır.

– Kreml Dodondan sonra Moldova siyasi isteblişmentində kimi dəstəkləyə bilər?

– Hansı əsasla düşünmək olar ki, o respublikaların vətəndaşları üçün üzücü qərbyönümlü kursu seçkilər yolu ilə dəyişmək mümkündür? Dodonun aqibəti buna heç bir ümid yeri qoymur. Moldova xalqı prezident seçkilərində Rusiya ilə inteqrasiya kursu vəd edən siyasətçiyə səs vermişdi və hər hansı səbəbdən həmin namizədin seçkilərdəki qələbəsi rəsmiləşdi. Nə oldu? Heç nə? ABŞ və Avropa İttifaqı Moldovada tüğyan edən özbaşınalığı niyə görmür?

Ona görə də, Moldovanın Rusiyayönümlü siyasi qüvvələrinin növbəti parlament seçkilərində hakimiyyəti tam olaraq ələ keçirəcəklərini düşünmək sadəlövhlükdür. Vaşinqton və Berlin guya xalqın iradəsini nəzərə alıb kənara çəkiləcək? Gülməli görünür.

– Rusiyanın Moldovadakı siyasi proseslərə iqtisadi təsir imkanları var?

– Yoxdur. Rusiyanın Moldova iqtisadiyyatını çökdürmək, heç olmasa, sarsıtmaq imkanları var. Ancaq bu, Moldovanın xarici siyasət kursuna təsir etməyəcək. Moldovanın sahiblərini vətəndaşların vəziyyəti maraqlandırmır. Eynilə Ukraynada olduğu kimi.

– Rusiya Moldovada Qərbin addımlarına əks gedişlər edə bilər?

– Şübhəsiz. Əgər belə olmasaydı, Rusiya regionda mövcudluğunu çoxdan itirərdi. Deyim ki, hətta qərbyönümlülərin informasiya məkanını nəzarətə götürmələrindən sonra da Moldovada ən populyar siyasətçi Vladimir Putindir.

Söhbətləşdi: Qafqaz Ömərov

COP29