Prezidentin xalqa müraciətində AYDIN MESAJLAR: “Tək Ermənistan yox, havadarları da…” – ŞƏRH

“Ölkə başçısı öz çıxışında Rusiya, Fransa, o cümlədən İrana mesaj göndərib”.

Bunu 27 sentyabr – Anım Günü ilə bağlı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı etdiyi çıxışa münasibət bildirən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, prezident İlham Əliyev bu dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid törədənlərə şəhidlərin xatirəsi önündə açıq mesajlar verib:

“İlham Əliyev bir daha qətiyyətlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Qarabağ bütövlükdə Azərbaycanın nəzarəti altındadır. Ölkə başçısının “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq” mesajı ilə Rusiyaya, Fransaya, o cümlədən İrana cavab verilib. Dolayı yolla çatdırılıb ki, təxribatlara davam etsəniz, müdafiə diplomatiyasından artıq hücum diplomatiyasına keçid ediləcək. Bu dəfə Dəmir Yumruqla tək Ermənistan yox, havadarları da qarşılaşacaq.

Prezident İlham Əliyevin “Əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik” mesajı isə daha çox Rusiyaya ünvanlanıb. Bu o deməkdir ki, bizim heç kimə güzəştə getmək fikrimiz yoxdur. Görünür, bu dəfə cənab prezident Ermənistanı hədəf almayıb, təxribatları törədən və şərait yaradan üçüncü tərəflərdir.

Qısacası, mötəbər tarixi hadisənin ildönümündə, xüsusən müqəddəs ruhlar qarşısında verilən heç bir mesaj boş deyil”.

Gülşən Şərif