Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, Vahid Hacıyev bu təyinatadək Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi idi.
Ondan öncə isə, “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.
Sözügedən şirkətə 2 il rəhbərlik edən V. Hacıyev, həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin rəhbəri olub.
O, daha əvvəl neft sektorunda fəaliyyət göstərib. Belə ki, Vahid Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.
Qeyd edək ki, Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) Bakı Dövlət Universitetində çalışır, filologiya elmləri namizədidir. Lalə Hacıyeva mərhum jurnalist Osman Mirzəyevin qızıdır. O, vaxtilə “Lalə Mirzəyeva” imzası ilə BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub.