Prezidentlər Birgə Bəyannamə qəbul ediblər

a996dee2f395233d29f21e640713fad7“Tərəflər beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar”

Noyabrın 12-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasındakı danışıqların nəticəsi olaraq Birgə Bəyannamə qəbul edilib. XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” adlanan sənəd aşağıdakı kimidir:

BİRGƏ BƏYANNAMƏ

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin rəsmi dəvəti ilə İran İslam Respublikasının prezidenti cənab Həsən Ruhaninin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti 12-13 noyabr 2014-cü ildə (21-22 aban 1393-cü il) Azərbaycan Respublikasına səfər edib. Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti və İran İslam Respublikasının prezidenti (bundan sonra tərəflər);

– İkitərəfli əlaqələrin vəziyyətini və perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə edərək;

– Hər iki ölkənin xalqları arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək;

– 20 may 2002-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilə”yə əsaslanaraq;

– Hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında ədalətli dünya qaydasının formalaşdırılmasına və dövlətlərarası əlaqələrin inkişafına yardım edilməsinə çalışaraq;

– Azərbaycan Respublikası və İran İslam Respublikası arasında etimad və tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sülh və sabitliyə yardım edəcəyinə əminlik ifadə edərək;

– BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn digər ümumi tanınmış prinsip və normalarına və ilk növbədə beynəlxalq hüquq qaydasının dəstəklənməsinin və möhkəmləndirilməsinin əsası qismində dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, zor işlətməmək və ya zor işlətməklə hədələməmək və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını təsdiq edərək;

– Regionda ölkələrin normal inkişafına, onlar arasında hərtərəfli əməkdaşlığa mane olan həll olunmamış münaqişələrin mövcudluğundan xüsusi narahatlıqlarını ifadə edərək;

– İki ölkənin üzvü olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə yardım etmək niyyətlərini bəyan edərək;

– Azərbaycan Respublikası və İran İslam Respublikası arasında siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyini qeyd edərək;

– İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasına hazırkı səfərinin dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edərək

aşağıdakıları bəyan etdilər:

I

Tərəflər bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını təşviq edəcəklər;

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif səviyyələrdə siyasi dialoqu davam etdirəcəklər;

Parlamentlərarası əlaqələri ikitərəfli əməkdaşlığın mühüm tərkib hissəsi kimi qiymətləndirərək, iki ölkənin parlamentləri arasında əməkdaşlığın fəallaşması və parlament üzvlərinin müntəzəm qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar;

Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər;

II

Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər;

Tərəflər BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq etdilər;

Tərəflər beynəlxalq hüququn ümumi tanınmış norma və prinsiplərini əsas götürərək, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində bütün ölkələrin, o cümlədən İran İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiklərini bir daha təsdiq etdilər;

Tərəflər terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etdiklərini, tolerantlığa əsaslanan və multikulturalizm tarixi mirasları ilə mədəniyyətlərarası dialoq təşəbbüslərinə fəal dəstək verdiklərini, həmçinin islamafobiya, irqçilik, zorakılıq və digər separatçılıq meyillərinə və hallarına qarşı mübarizəni davam etdirmək istiqamətində qərarlı olduqlarını bir daha bəyan etdilər;

III

Tərəflər beynəlxalq hüquq qaydasına yeni təhdid və çağırışlara qarşı Birləşmiş Millətlər Təşkilatının potensialından effektiv istifadənin vacibliyini qeyd etdilər;

Tərəflər terrorizm, separatizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi və transsərhəd cinayətkarlığa qarşı mübarizədə ikitərəfli əsasda və BMT qurumlarında birgə fəaliyyətə hazır olduqlarını bəyan etdilər;

Tərəflər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər universal və regional təşkilat və forumlarda qarşılıqlı fəaliyyəti möhkəmləndirmək niyyətlərini bildirdilər;

IV

Tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafının istiqamətverici mexanizmi kimi iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdilər;

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər;

Tərəflər öz iqtisadiyyatlarının diversifikasiyası və onun yeni texnoloji əsaslara keçirilməsi sahəsində prioritetlərini nəzərə almaqla, bundan sonra da ikitərəfli iqtisadi, ticarət, investisiya, elmi və texniki əlaqələrini inkişaf etdirəcəklər;

Tərəflər iki ölkə arasında nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklər və öz ərazilərindən tranzit daşımaların həyata keçirilməsi üçün əlverişli şərait yaradacaqlar;

Tərəflər ölkələrində qarşılıqlı sərmayə qoyuluşunu və digər ölkələrdə ortaq sərmayə qoyuluşunu təşviq edərək, bu istiqamətdə təklif olunan layihələri araşdıracaq və razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün zəruri addımlar atacaqlar;

Tərəflər iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlavə səylər göstərəcəklər. Bu baxımdan Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə bağlı Saziş layihəsinin tezliklə imzalanmasının zəruriliyini bildirdilər;

Tərəflər “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş”in tezliklə qüvvəyə minməsinin vacibliyini qeyd etdilər;

Tərəflər Araz çayının imkanlarından səmərəli istifadə etməklə iki ölkə arasında qarşılıqlı maraqların qorunması və razılaşdırılması əsasında Araz çayı üzərində transsərhəd əməkdaşlığın və yeni ortaq layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar;

V

Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlər arasında birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Tərəflər 2014-cü ilin sentyabr ayının 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində baş tutmuş Xəzər zirvə toplantısının nəticələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər;

Tərəflər ətraf mühitin mühafizəsi, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığı davam edəcəklər;

VI

Tərəflər iki ölkə arasında mədəniyyət və incəsənət, elm və səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə səy göstərəcəklər;

Tərəflər hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin gücləndirilməsinə yardım edəcəklər;

Tərəflər hazırkı Bəyannamənin iki ölkə arasında etimadın və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə etdilər.