Prezidentliyə namizəddən Azad Rəhimova: “Xaricdən gətirdiyiniz idmançılar dopinq qəbul edirlər” – VİDEO
Bu gün Azərbaycan prezidentliyinə namizədlərin İTV-də növbəti dəyirmi masası baş tutub.
Yenicag.az xəbər verir ki, debatda çıxış edən Sərdar Cəlaloğlu mövzuya uyğun olaraq, idman siyasətindən də danışıb.
Azərbaycan Demokrat Partiyasının namizədi ölkənin idman siyasətini sərt şəkildə tənqid edib: “Gedib xaricdən idmançılar gətirirsiniz. Onlar da gedib dopinq qəbul edirlər. Qazandığı nəticələr də dopinqə görə ləğv olunur. Hansı idmandan, sağlamlıqdan danışırsız ki, gənclər arasında vərəm xəstəliyi inkişaf edib. Hansı idmandan danışırsız ki, Azərbaycan vətəndaşının boy artımı dünyayla müqayisədə çox aşağıdır. Azərbaycanda siz dediyiniz kimi idman varsa, bu, gənclərin boy-buxunundan, duruşundan hiss olunardı. Küçəyə çıxsanız, görəcəksiniz ki, cavan-cavan uşaqların beli bükülüb. Problem varsa, xalqa açıq demək lazımdır”.
Qeyd edək ki, son vaxtlar Azərbaycan idmanında bir sıra qalmaqallar yaşanır. Cəlaloğlunun da dediyi kimi, problemlər təkcə dopinqlə bitmir. Bu siyahıya xaricdən gətirilən və milliləşdirilən legionerlər də daxildir. Yüksək ödəniş müqabilində Azərbaycan bayrağı altında çıxış etməyə razı olanlar, uğur qazandıqdan sonra aradan çıxırlar. Belə olan halda onların ölkə idmanına heç bir qatqısı olmur. Əvəzində isə öz azərbaycanlılarımız şəraitsizlikdən, məmur özbaşınalığından şikayətlənərək, xaricə köçmək məcburiyyətində qalırlar. Təsadüfu deyil ki, Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırıb. Bundan başqa, ötən il Ramil Quliyev Türkiyənin atletika tarixində ilkə imza ataraq dünya çempionu olub. Bu kimi halların yaşanmasına görə, ən çox tənqid olunan şəxs isə gənclər və idman naziri Azad Rəhimovdur. Onun səriştəsizliyi nəticəsində öz gənclərimiz qazandıqları uğurları başqa dövlətin himni sədaları altında qeyd edirlər.