“Onlar bir-birilərinə və tamaşaçılara qarşı hörmətlə davranırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “11 aprel – növbədənkənar prezident seçkiləri” üçün namizədliyi qeydə alınan iddialıların televiziya çıxışlarını dəyərləndirən Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib:
“Prezidentliyə namizədlərin televiziya çıxışlarını əlbəttə ki, diqqətlə izləyirik. Artıq bir neçə teledebat keçirilib və prezidentliyə namizədlər hələ ki Seçki Məcəlləsinin tələblərinə zidd fikirlər səsləndirməyiblər.
Müsbət haldır ki, namizədlər bir-birilərinə, həmçinin, onların çıxışlarını televiziya vasitəsilə izləyən tamaşaçılara qarşı hörmətlə davranırlar. Hər halda, prezidentliyə namizədlər Seçki Məcəlləsinin tələblərini bilir və “qırmızı xətt”i keçmirlər. Həmin “xətt”lər isə Konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış, zorakılığa təhrikçilik və sair bu kimi əməllərdir.
Bildiyiniz kimi, prezidentliyə namizədlərin təbliğat materiallarının yerləşdirilməsi üçün xüsusi lövhələr var və onlardan uyğun şəkildə istifadə olunur. Namizədlərin hər biri bu prosesdə aktiv iştirak edir. Yəni bu məsələdə də Seçki Məcəlləsinin tələbləri gözlənilir.
Təşviqat məhsullarının yayımı ilə bağlı təbliğat işlərində də (bura mətbuatda materialların yerləşdirilməsi və görüşlərin keçirilməsi daxildir) qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınmayıb. MSK seçki prosesinin gedişinə ciddi şəkildə nəzarət edir”.
A. Zeynalov