“Xoşqədəm Məhəmməd kişinin arvadını axtarmağa 4 saat vaxt sərf edir, namizəd isə qlobal bir məsələni 8 dəqiqəyə çatdırmalıdır”.
Bu sözləri prezidentliyə namizədlərin televiziya çıxışları və onların təbliğat taktikalarını dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Tural Abbaslı bildirib ki, namizədlərin debatları planlaşdırıldığı kimi davam edir:
“Partiya rəhbəri kimi çıxış eləsəm, maraqlı tərəf kimi görünəcək. Prezidentliyə namizəd olan partiya sədrləri ilə dostuq, ancaq onlarla həm də rəqibik. Ona görə də, mənim dəyərləndirməm qərəzli görünə bilər.
Ətrafmızda, küçədə, avtobusda neçə nəfər prezidentliyə namizədlərin debatını müzakirə edir? Bu mövzu sosial şəbəkədə nə qədər ciddi şəkildə müzakirə olunur? Gündəm necə dəyişir?
Diqqət edin, Xoşqədəmin (Xoşqədəm Hidayətqızı – red.) verlişi hər gün 4 saat gedir. Prezidentliyə namizədlərə ümumilikdə ayrılan həftəlik efir vaxtı isə cəmi 3 saatdır. Dövlətin taleyini həll edən seçkidə iştirak edən namizədlərə deyirlər, 8 dəqiqəyə öz fikrini çatdır.
Yəni Xoşqədəm Məhəmməd kişinin arvadını axtarmağa 4 saat vaxt sərf edir, ancaq namizəd qlobal bir məsələni 8 dəqiqəyə çatdırmalıdır. Qonşuların saçyoldu davasına 3-5 saat efir vaxtı verilir. Bunun özü də bir göstəricidir. Debatlar necə planlaşdırılıbsa, elə də davam edir”.
Səxavət Məmməd