“Onlar görəcəkləri işlərlə bağlı fikirlərini ictimaiyyətlə bölüşsələr, daha yaxşı olardı”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin ödənişsiz efir çıxışlarını şərh edən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, namizədlər öz mövqelərinə uyğun alternativlər ortaya qoymaq əvəzinə, daha çox İlham Əliyevin fəaliyyəti haqda danışmağa üstünlük verirlər:
“Çünki seçki prosesi fonunda hansısa fərqliliklər, yaxud yeniliklər görmək mümkün deyil.
Sadəcə olaraq, namizədlərə nəzər saldıqda, onların öz mövqelərini ifadə etməkdənsə, daha çox prezident İlham Əliyevin platforması haqqında danışdıqlarını, onun gördüyü və görəcəyi işlərə diqqət yetirdiklərini müşahidə edirik.
Yəni onlar İlham Əliyevin prezidentlik üçün digərlərindən daha layiqli şəxs olduğunu ifadə edirlər. Amma reallıqda namizədlər öz mövqelərinə uyğun alternativlər ortaya qoymalı idilər. Başqa sözlə, onlar görəcəkləri işlərlə bağlı fikirlərini ictimaiyyətlə bölüşsələr, daha yaxşı olardı. Bu, müşahidə edilmir”.
Nəsimi Ələsgərli