“11 aprel – növbədənkənar prezident seçkiləri”ndə qeydə alınmış namizədlərin iştirakı ilə İctimai Televiziyada təşkil olunan teledebatlar yekunlaşıb.
Yenicag.az xəbər verir ki, martın 19-dan etibarən, həftədə 3 gün keçirilən teledebatlarda prezidentliyə namizədlər seçici rəğbətini əldə etmək üçün canlı efirdə öz platformalarını açıqlayıblar.
Media və sosial şəbəkələrdə verilən reaksiyalara əsasən demək olar ki, prezidentliyə namizədlərin teledebatları maraqla qarşılanıb və əhalinin geniş hissəsi tərəfindən izlənilib. Teledebatların gedişində səslənən fikirlərin operativ qaydada media və sosial şəbəkələrdə müzakirəyə çıxarılması da bu marağın səviyyəsini göstərir.
Qeydə alınan prezidentliyə namizədlər ölkə və cəmiyyət həyatının bütün mühüm sahələri üzrə öz görüşlərini, proqramlarını açıqladılar. Təbii ki, həmin çıxışlara əsas qiyməti aprelin 11-də seçki məntəqələrinə gedən seçicilər öz seçimləri ilə verəcəklər. Biz isə namizədlərin teleçıxışlarının ümumi siyasət, xarici siyasət və iqtisadiyyata dair tezislərini ekspertlər səviyyəsində qiymətləndiririk.
Prezidentliyə namizədlərin artıq yekunlaşan teledebatlarda siyasi məsələlərə dair baxışlarını Yenicag.az-a şərh edən politoloq Natiq Cəfərlinin fikrincə, iddialılar öz mövqelərini aydın şəkildə ortaya qoymadılar:
“Çox təəssüf ki, təşkil olunan debatların səviyyəsi, oradakı mesajların əhəmiyyəti qaneedici deyildi. Dünya təcrübəsi də göstərir ki, debatlar bu formatda olmur. Müzakirələr müxtəlif mövzulara toxunulmaqla, bəzən saatlarla davam etməlidir. Namizədlər isə proqramlar və tezislər üzrə bir-birilərinə suallar verməli, iradlarını bildirməli, mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar.
Bizdə isə bu formatı görmədik. Əvəzində, teledebatlarda maaşların artırılması və sosial təminatın yaxşılaşdırılmasına dair arxasında ciddi araşdırmaların dayanmadığı çox sayda populist fikirlər səsləndirildi. Eyni zamanda, təhlükəsizlik məsələləri ilə bağlı da həyata keçirilməsi mümkün olmayan təkliflər irəli sürüldü.
Bununla belə, namizədlərdən bəzilərinin maraqlı ifadələri oldu. Bizim hərəkatın mövqeyi ilə üst-üstə düşən fikirlər də ifadə edildi. O sırada ölkədə inzibati dəyişikliklər apararaq, vilayətlərin yaradılması, yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi, iqtisadi islahatların istiqamətləri, hətta parlament respublikasına keçid üzrə diqqəti cəlb edən tezisləri vurğulamaq istərdim. Ancaq namizədlərin öz proqramları üzrə rəqabətinin şahidi olmadıq.
Bu kimi mesajlar cəmiyyət üçün maraqlıdır. Əslində, belə mesajlar tək seçki dönəmində deyil, bütün zamanlarda gündəmə gətirilməli, fərqli proqramlara malik siyasi partiyaların təmsilçiləri telekanallarda müntəzəm görünməlidirlər. Mən hətta inkişaf etmiş Avropa ölkələrini kənara qoyuram, qonşu Gürcüstan və Rusiyanın telekanallarında gündəlik olaraq çox ciddi siyasi müzakirələr təşkil olunur.
Ancaq Azərbaycanda belə bir təcrübə yoxdur: canlı debatlar keçirilmir, siyasi təşkilatların öz platformalarını cəmiyyətə açıqlamalarına şərait yaradılmır. Bütün bunlar olmadıqda isə siyasi dilin səviyyəsi çox aşağı düşür. Narahatlıq doğuran məsələlərdən biri də budur ki, siyasi müzakirələrin səviyyəsi və dili mənfiyə doğru dəyişib, çox vulqar forma alıb, təhqirlə tənqid bir-birinə qarışıb. Bunun aradan qaldırılması üçün ölkədə normal müzakirə platformalarının yaradılmasına ehtiyac var. Hökumətin bu barədə heç olmasa, seçkilərdən sonra düşünməsi yaxşı olardı”.
Teledebatlarla bağlı Yenicag.az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, namizədlərin təqdimatında xarici siyasətə dair fundamental mövqe ifadəsi müşahidə edilmədi:
“40 mindən çox imza toplayaraq, namizəd olan iddialıların teledebatdakı çıxışlarından məmnun qaldığımı söyləyə bilmərəm. Yəni orada elə də fərqli fikirlərə rast gəlmədik, çıxışların maraqlı olduğunu demək çətindir.
Namizədlər müxtəlif sahələrə – daxili və xarici siyasət, iqtisadiyyat, ordu quruculuğu və digər sferalara dair öz platformalarını açıqladılar.
Onların xarici siyasətə dair çıxışlarında əsas xətti Türkiyəyə, Qərbə, NATO-ya və Rusiyaya münasibətdə hansı mövqenin tutulmasının vacibliyi təşkil edirdi. Sizin də gördüyünüz kimi, bu məsələdə fərqli yanaşmalar vardı. Ancaq xarici siyasətlə bağlı konseptual yanaşma olmadı.
Bundan başqa, ad çəkmək istəmirəm, məlum ölkədən nüvə silahının gətirilməsi, həmçinin, Türkiyədəki neft zavodunun tikintisinin dayandırılması kimi reallıqdan uzaq olan təkliflər də eşitdik.
Ancaq onlar prezidentliyə namizəd olaraq, istədikləri vədləri verməkdə sərbəstdirlər. Dünyanın hər yerində belədir. Namizədlər diqqəti cəlb etmək üçün həyata keçirilməsi imkan xaricində olan vədlər səsləndirirlər.
Ümumilikdə isə teledebatlarda xarici siyasətə dair fundamental yanaşma görmədik”.
Prezidentliyə namizədlərin teledebatlardakı çıxışlarının iqtisadi aspektlərini Yenicag.az-a dəyərləndirən keçmiş millət vəkili Nazim Bəydəmirli bildirib ki, iddialılar mövcud problemləri diqqət mərkəzinə gətirsələr də, onları yaradan səbəbləri açıqlamayıblar:
“Deyə bilərik ki, əksər namizədlərin çıxışlarında ayrı-ayrı sektorlardakı real vəziyyəti əks etdirən problemlər epizodik olaraq sadalandı. Keçirilən debatlarda əməkhaqqının aşağı olması, ünvanlı sosial yardımların verilməməsi, vətəndaşların kredit borclarının son həddə çatması, evsizlik, işsizlik və sair problemlərlə bağlı fikirlər səsləndirildi. Ancaq heç bir namizəd o problemlərin aradan qaldırılma mexanizmlərini konseptual şəkildə ifadə etmədi.
Əslində, həmin telemüzakirələrə debat deməyə də adamın dili gəlmir. Çünki təşkil olunan verilişlər bu və ya digər namizədin müxtəlif mövzular üzrə dünyagörüşünün nümayişi idi.
İqtisadi məsələlərə gəldikdə isə debatlarda problemləri yaradan səbəblərə toxunulmadı.
Məmur sahibkarlığı niyə yaranıb? Cavab verilmir. Deyirlər ki, korrupsiya var. Ancaq onu doğuran səbəblər haqqında danışılmır. Monopoliyalardan, qiymətlərin yüksək olmasından, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən söz açırlar, amma səbəblər barəsində yenə heç nə demirlər. Yəni namizədlərin çoxu nəticə barəsində bər-bəzəkli sözlərlə danışsalar da, səbəblərin aradan qaldırılması yollarını göstərmədilər.
Konkret olaraq, məmur sahibkarlığı, inhisarçılıq barədə fikirlərdə nazirlərin, komitə sədrlərinin, yüksək dövlət məmurlarının dövlət resurslarını bu və ya başqa formada mənimsəmələri haqda ümumi formada danışmaqla kifayətləndilər. Lakin bu neqativ halların aradan qaldırılması üçün məmurların real gəlir deklorasiyalarının açıqlanmaması, ictimai nəzarətin təşkil edilməməsi və medianın bu sayaq idarə olunması səbəblərinin üstündən sükutla keçirlər. Namizədlərin çoxu ictimai qınaqdan danışsalar da, bu qınağı yox edəcək elementləri sadalamırlar. İctimai qınaq elementlərinin yox edilməsi isə nəzərdə tutulan məmur kontingentinin öz əməllərini davam etdirməsinə şərait yaradır.
Namizədlər arasında bir neçə deputat var. Ancaq onlardan heç biri Milli Məclisə aid nəzarət funksiyasının niyə həyata keçirilməməsinin səbəblərini açıqlamaqdan yayınırlar. Yaxşı, ölkədə pensiyaların məbləği azdır. Bəs bununla bağlı parlamentdə niyə dinləmələr keçirilmir? Pensiyaların verilməsi gecikdirilir, amma bunun səbəbləri müzakirəyə çıxarılmır. Yəni ümumi şəkildə danışmağa nə var ki..
Bir məmurun öz vəzifəsində 20-30 il işləməsi, bu müddətdə öz qohum-əqrəbasını çevrəsinə toplaması, bununla da korrupsiya sxemlərinin qurulmasından danışan olmadı. Namizədlər məhkəmələrdə vətəndaşların hüquqlarının qorunmamasından danışsalar da, heç biri demədi ki, niyə məhkəmənin sədrini rayon icra başçısı təyin edir? İcra hakimiyyəti orqanları nəyə görə kənd təsərrüfatı, pambıqçılıq və sairlə məşğul olur? Niyə ölkədə sovet aqrar sisteminə qayıdırlar? Bu suallar verilsə də, onlara cavab tapılmır, o halları doğuran səbəblər göstərilmir. Eynilə təhsil və səhiyyəyə dair problemlər də sadalanır.
Prezidentliyə namizədlərin fikirlərini ümumiləşdirsək, onların yanaşmalarından belə təsəvvür yaranır ki, biz çox geridə qalmış ölkəyik. Konkret desək, teledebatlarda prezident kürsüsü iddiasında olan şəxslərin populist çıxışlar edərək, seçicilərin başını qatmalarının şahidi olduq. Debat adına bir şey görmədik”.
A. Zeynalov