“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin barəsində açılan cinayət işinə xitam verilməyib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baş Prokurorluğunda olan bir mənbə açıqlayıb.
O, ölkədə silahlı qiyam təşkil etməkdə ittiham olunur.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.