Problemli kreditlərdə GÖZLƏNİLMƏZ TENDENSİYA: “Alıcılıq qabiliyyətinin aşağı düşməsi…” – Elşad Məmmədov

“Mövcud iqtisadi və hərbi şərait gələcəkdə kredit borclarının qaytarılması ilə bağlı müəyyən problemlərin yaranmasına səbəb ola bilər”.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında problemli kreditlərin ilin əvvəlinə nisbətən 16 faiz az, son 1 ildə isə 25,9 faiz azalmasına təsir edən amilləri dəyərləndirib.

Elşad Məmmədovun fikrincə, problemli kreditlərin azalmasına təsir edən başlıca səbəblərdən biri dünya iqtisadiyyatındakı hazırkı böhran vəziyyəti və alıcılıq qabiliyyətinin aşağı düşməsidir:

“Mövcud vəziyyət bütövlükdə kreditə tələbatı azaldıb. Digər tərəfdən, ölkəmizdə bank sektorunun daha ehtiyatlı siyasətə üz tutması problemli kreditlərin həcminin azalmasına yol açıb.

Probemli kreditlər azalırsa, deməli, istehlakçılar kredit ödənişlərinə müəyyən mənada daha çox vəsait ayırırlar. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

Yəni problemli kreditlərinin həcminin azalması heç də həmişə iqtisadi fəaliyyətdə alıcılıq qabiliyyətinin yüksək olduğunu göstərmir. Mövcud vəziyyətdə karantin rejiminin sərtləşdirilməsi ilə yanaşı, bütövlükdə iqtisadi fəaliyyətin səngiməsi və müharibə ilə bağlı əhalinin xeyli hissəsinin alıcılıq qabiliyyətinin zəifləməsi də iqtisadiyyata təsirsiz ötüşməyəcək.

Belə ki, bank sektorunun kreditləşmə ilə bağlı siyasətində hansısa aktivlik olarsa, problemli kreditlərin həcmində də artım müşahidə olunacaq. Hazırkı bazar iqtisadiyyatı sistemində kreditləşmə investisiyaların əsas mənbələrindən biri kimi çıxış edir. Bu baxımdan kreditləşmənin azalması investisiyaların azalmasına və nəticədə iqtisadiyyatda mənfi halların yaşanmasına səbəb ola bilər.

Ona görə də kreditləşmə daha məqbul şərtlərlə müəyyən olunmalıdır. Proseslərin bu istiqamətdə gedişatı iqtisadi inkişafa müsbət təsir etməklə yanaşı, problemli kreditlərin effektiv qaydada azalmasına da şərait yaradacaq”.

Gülşən Şərif