“Problemli kreditlərin artımı baş verərsə…” – Ekspertdən HƏYƏCAN TƏBİLİ

“Problemli kreditlərin artımı baş verərsə, bu, daşınmaz əmlak bazarına təsir etməyəcək”.

Bəzi iqtisadçılara görə, pandemiya dövründə müştərilərə güzəştlərin tətbiq olunmaması fonunda problemli kreditlərin həcmi arta bilər. Bu vəziyyət isə daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Çünki yaxın illər ərzində hərraclarda çox ucuz qiymətə minlərlə girov qoyulmuş əmlak satılacaq. Bu baxımdan hazırda əmlak almaq istəyən şəxslər gözləmə mövqeyini seçəcək və qiymətlərin daha da düşməsini gözləyəcəklər.

Mövzu ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Yenicag.az-a açıqlamasında bildirib ki, problemli kreditlər fonunda girova qoyulmuş əmlakların hərraclara çıxarılması daşınmaz əmlak bazarındakı qiymətlərə təsir etməyəcək:

“Əslində ölkəmizdə hərrac prosesi hələ də tam şəffaf həyata keçirilmir. Ona görə də xüsusən əhalinin potensial alıcı kütləsinin problemli aktivlərin arxasındakı girovlara hərrac zamanı əlçatanlığı olduqca aşağı səviyyədədir. Pandemiyadan öncəki illərdə, yəni bir neçə il öncə bağlanan bankların təcrübəsində də bunun şahidi olduq. Hərracların elektronlaşmadığı, şəffaflığın təmin olunmadığı və bununla bağlı informasiya mübadiləsinin ətraflı qaydada həyata keçirilmədiyi vaxta kimi məlum problem öz həllini tapmayacaq. Hazırda informasiya mübadiləsi müəyyən məhdud resurslar üzərindən reallaşdırılır. Ona görə də vətəndaşların əksəriyyəti məlumatsız qalır. Problemli kreditlər fonunda girova qoyulmuş əmlakların hərraclara çıxarılmasının daşınmaz əmlak bazarındakı qiymətlərə təsir edəcəyini hesab etmirəm.

Son illərin tendesiyası göstərir ki, problemli kreditlərin həcmi azalmaya doğru gedib. Bu, əvvəlki illərlə müqayisədə xarici valyuta ilə kredit portfelinin həcminin olduqca aşağı səviyyəyə çatmasını göstərir. Kreditlər əsasən manatla verilib və eyni zamanda banklar əvvəlki illərdə yaşanan problemlərin təkrarlanmaması üçün müştəriləri daha dəqiq təhlil ediblər. Bununla yanaşı, biznes kreditləri, eləcə də fərqli istiqamətlər üzrə istehlak kreditlərinin verilməsi ilə bağlı bir sıra qaydalarda dəyişiklik edilib. Bu dəyişikliklər fonunda demək olar ki, müəyyən mal və materialları alarkən vəsaitin nəğdləşdirilməsini həyata keçirmək mümkün olmur”.

Gülşən Şərif

COP29