Problemli kreditlərlə bağlı NEQATİV PROQNOZ: “Gələn ildən…”

“Bank sistemindəki mövcud çatışmazlıqlar da problemli kreditlərin həcminə təsir göstərir”.

Son illər ölkədə banklar və problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşdiyi müşahidə olundu. Vurğulanan problemlərin həlli üçün bu il dövlət səviyyəsində ciddi addımlar atıldı. Ümumilikdə ayrılan vəsaitlər bank sektoruna müsbət təsir göstərsə də, problemli kreditlər hələ də mövcuddur.

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı İlham Əzizov bildirib ki, bu ilin əvvəlindən problemli kreditlərin həcmi 6.2% azalsa da, mövcud vəziyyətdə yenidən artım müşahidə olunur:

“Bu il prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərman həm əhalinin iqtisadi vəziyyəti, həm də bankların vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Ötən ilin avqustuna qədər olan vəziyyətlə müqayisədə bu ilin analoji dövrünə kimi problemli kreditlərin ümumi həcmi 16.5% azalıb. Lakin buna baxmayaraq, hazırda problemli kreditlərin həcmi 1 milyard 487 milyon manat təşkil edir. Problemli kreditlərin olmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərə iqtisadi vəziyyət və devalvasiya ciddi təsir göstərib.

Subyektiv səbəblərə isə bankların saxta şirkətlərə və firmalara, risklərini tam öyrənmədikləri fiziki və hüquqi şəxslərə verdikləri kreditlərin çoxluğu daxildir. Eyni zamanda, bank sistemindəki mövcud çatışmazlıqlar da problemli kreditlərin həcminə təsir göstərir”.

İlham Əzizov “Moody’s” beynəlxalq reytinq agentliyinin 2020-ci ilin sonuna qədər Azərbaycanın bank sektorundakı problemli kreditlərin payının 10%-dən aşağı düşəcəyi ilə bağlı proqnozuna da münasibət bildirib. Onun sözlərinə görə, agentliyin qeyd olunan proqnozu reallığı əks etdirməyəcək:

“Mövcud vəziyyət ehtimal edilən proqnozun real olacağına zəmin yaratmır. Əksinə, problemli kreditlərin həcminin gələn il daha da artacağı gözləniləndir. Bu gözləntiyə təsir edən əsas amil bank faizlərinin həddindən artıq yüksək olmasıdır. Hazırkı şəraitdə bu faizlər iqtisadi inkişafa mənfi təsir göstərir. O baxımdan, faizlərin ən azı 2 dəfəyə yaxın aşağı salınması zəruridir”.

İqtisadçının fikrincə, ümumilikdə problemli kreditlərin həcminin azalması üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var: “Problemli kreditlərin yaranması sırf bank sektorunun fəaliyyəti ilə bağlı deyil. Ölkə iqtisadiyyatında ümumi iqtisadi mənzərə dəyişdirilməli, iqtisadi vəziyyətə uyğun yeni qanunlar qəbul edilməlidir. O cümlədən, uçot dərəcəsi məhz inflyasiyanın qarşısını almaq üçün bir rıçaq olmamalıdır”.

Xatırladaq ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həlli ilə bağlı fərman imzalayıb. Həmin fərman vətəndaşların banklardakı 10.000 dollaradək problemli kreditlərinin bağlanması üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ayrılmasını nəzərdə tuturdu.

Ayan Ağayeva