Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi hər zaman mənfi nəticələr doğurub. Vaxtilə ABŞ-nin Mixeil Saakaşviliyə göstərdiyi dəstək, onun hakimiyyətə gətirilməsi Gürcüstanın istər daxili, istərsə də xarici siyasətində balansı pozmuşdu.
Yenicag.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Həmid Vəliyev söyləyib. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcəyini qeyd edən professor Qərbin bu prosesə müdaxilə cəhdlərinin bir sıra problemlər üçün zəmin yaratdığını söyləyib.
“Onlar rəsmi Tbilisiyə qarşı açıq qərəz, sanksiyalar və daxili işlərə müdaxilə strategiyası həyata keçirməyə başlayıblar”, – deyən professorun fikrincə, bu müdaxilələrin əsasında ABŞ-nin və Avropa ölkələrinin öz maraqları dayanır. Qərb ölkələri Gürcüstanda cərəyan edən hadisələri nəzarətə alaraq ondan Rusiyaya qarşı istifadə etmək istəyirlər. Bu, eyni zamanda, regiondakı hadisələrə Qərbin nəzarət etmək niyyətidir.
Müsahibimiz qeyd edib ki, Gürcüstanın bugünkü hakimiyyətinin qətiyyətli mövqeyini ortaya qoyması yaxşı haldır və Qərbin müdaxiləsinin reallaşmasının qarşısını alır.
“Qərbin güclü təsirinin olacağına inanmıram. Çünki orada iqtidarı dəstəkləyən, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışan qüvvələr çoxdur”, – deyə professor fikrini yekunlaşdırıb.