Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Güləli və onunla ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov, Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək sabiq MTN polkovniki Vüqar Güləliyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı həmçinin N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq ediblər.
Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, Laçın rayon şöbəsinin rəisi olub. V.Əsədov isə Penitensiar Xidmətinin sabiq əməkdaşı olub.