Prokurorluq AXCP fəalının öldürülməsi ilə bağlı MƏLUMAT YAYDI

İyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.

Hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb. Qeyd olunub ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur.

Ç.Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb./Qafqazinfo/