Proporsional sistem üçün REFERENDUM GÖZLƏNTİSİ: “Bu, müxalifətə sərf etsə də, hakimiyyət…” – ŞƏRH

“Azərbaycanda proporsional seçki sisteminin bərpası köklü islahatların tərkib hissəsi olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə proporsional seçki sisteminin bərpası və digər dəyişiklikləri ehtiva edən referendum keçiriləcəyinə dair ehtimalları dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, hakimiyyətin ölkədə seçki islahatlarına getmək niyyəti hiss olunmur:

“Təbii ki, proporsional seçki sisteminin bərpası müxalifətin, ölkədəki əksər partiyaların marağına uyğundur. Hakimiyyət isə seçkilərin, xüsusilə də parlamanet seçkilərinin nəticələrini öz maraqlarına uyğun müəyyənləşdirmək üçün majoritar seçki sisteminin qalmasında maraqlıdır. Həm də Azərbaycandakı majoritar sistem nisbiliyə əsaslandığı üçün nəticələri asanlıqla saxtalaşdırmaq mümkün olur.

Açığı, hakimiyyətin proporsional sistemin bərpası məqsədilə referenduma getmək niyyətini hiss etmirəm, buna inanmıram. Çünki Azərbaycanda proporsional seçki sisteminin bərpası köklü islahatların tərkib hissəsi olmalıdır. Hakimiyyət isə öz mövqelərini zəiflədəcək addımlar atmayacaq. Ona görə də belə bir gözləntim yoxdur”.

A.Zeynalov